NATO PA-nın 58-ci İLLİK SESSİYASINDA

XƏBƏRLƏR
07 noyabr 2012 | 04:11   
Paylaşın:        

NATO PA-nın 58-ci illik sessiyasında iştirak etmək üçün qurumdakı Azərbaycan parlamenti nümayəndə heyətinin üzvləri Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev Çexiyanın paytaxtı Praqa şəhərində  səfərdə olacaqlar.
Sessiya zamanı qurumun iclaslarında dünyadakı mövcud siyasi durumun aktual məsələlərinə diqqət yetiriləcək,  NATO ilə Çexiyanın xarici siyasət və təhlükəsizlik sahəsindəki prioritetləri müzakirə olunacaq.
Praqa sessiyasında bir sıra qətnamə layihələrinə, o cümlədən Şərq Qonşuluğunda demokratiyanın gələcəyinə, Yaxın və Orta Şərqdə  demokratik keçidə dair, Suriyadakı hadisələrin regiona və kənar ərazilərə təsirləri barədə, həmçinin Çikaqo sammitindən sonra Transatlantik münasibətlərə dair sənədlərə edilmiş düzəlişlərə baxılacaq.
İclaslarda ərəb baharının dərsləri və Avroatlantik birlik üçün nəticələri, dəniz təhlükəsizliyində NATO-nun rolu və quldurluğa qarşı mübarizə, Şərq-Qərb iqtisadi əməkdaşlığı, avro böhranının mənbələri və nəticələri, Əfqanıstan və Cənub Qərbi Asiyanın təhlükəsizliyi, iqlim dəyişikliyi, Fukusimadan sonra nüvə enerjisi, pilotsuz hava nəqliyyatı kimi mövzulara həsr olunmuş  məruzələr dinləniləcək. Fikir mübadiləsi aparılacaq.
Milli Məclisin deputatları komitə iclaslarında fəal iştirak edəcək, müzakirəyə çıxarılan məsələlərə münasibətdə Azərbaycanın mövqeyini bildirəcəklər. 
Səfər noyabrın 14-də başa çatacaq.


                                               Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU