SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ BÜDCƏ ZƏRFİNƏ DAXİL OLAN SƏNƏDLƏR MÜZAKİRƏ OLUNDU

XƏBƏRLƏR
13 noyabr 2012 | 12:11   
Paylaşın:        

Noyabrın 7-də Milli Məclisin Sosial siyasət Komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, iclasın gündəliyinə 2013-cü ilin büdcə zərfinə daxil olan Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi, gələn il üçün yaşayış minimumu haqqında, 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında qanun layihələri və “Sosial müavinətlər haqqında” Qanuna dəyişikliklər edilməsi barədə məsələ daxil edilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında məlumat verən fondun sədri Səlim Müslümov bildirdi ki, Azərbaycan iqtisadi inkişafına görə dünya dövlətləri arasında özünəməxsus yer tutmuşdur. Əhalinin sosial rifahının yüksəldilməsi Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biridir.  Qeyd olundu ki, gələn il üçün fondun gəlirləri 2 milyard 632,7 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 178,7 milyon manat və ya 7,3 faiz  çoxdur. Qeyd olundu ki, 2013-cü ildə 1 milyon 279 min nəfər pensiyaçı olacaq və fondun gəlirlərinin əsas hissəsi onların pensiyalarının ödənilməsinə sərf ediləcək.
Sonra komissiya üzvlərinə 2013-cü il üçün yaşayış minimumu haqqında məlumat verildi. Bildirildi ki, layihədə gələn il üçün yaşayış minimumu ölkə üzrə 116 manat məbləğində müəyyən edilir.
Məlumat verildi ki, 2013-cü il üçün ehtiyac meyarının həddi isə 93 manat məbləğində nəzərdə tutulur.
Komitə üzvləri “Sosial müavinətlər haqqında” Qanuna təklif olunan texniki xarakterli dəyişikliklərə də müsbət münasibət bildirdilər.
Deputatların və mütəxəssislərin fikirləri dinlənildikdən sonra gündəlikdəki bütün məsələlər Milli Məclisin iclasında müzakirəyə tövsiyə edildi.

 

Milli Məclisin
Mətbuat xidməti
      

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU