HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
16 noyabr 2012 | 09:11   
Paylaşın:        

Noyabrın 15-də  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi.
İclası açan komitə sədri Əli Hüseynov bildirdi ki,  “Siyasi partiyalar haqqında”  qanunun qəbulundan sonra bəzi  qanun  layihələrinə  əlavə və dəyişikliklər edilməsi vacib hesab edilib. Qeyd  olundu ki, İnzibati Xətalar, Cinayət, Mülki, İnzibati Prosessual Məcəllələrində, həmçinin  “Dövlət  qulluğu haqqında”, “Həmkarlar İttifaqları haqqında” və “Mühasibat uçotu haqqında”  qanun layihələrində  edilən dəyişikliklər hüquqi  zərurətdən yaranıb. 
Komitə sədri Cinayət Məcəlləsinə təklif edilən müvafiq əlavəyə görə bundan sonra Azərbaycanda başqalarını siyasi  partiya üzvlüyünə məcbur edən şəxslərin cəzalandırılacağını dedi. Məcəllənin müvafiq maddəsinə edilən  dəyişikliyə görə  siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etməyə görə min manatdan  üç min manatadək miqdarda  cərimə və ya iki ilədək müddətə islah işləri nəzərdə tutulur.
İclasda İnzibati Xətalar Məcəlləsində siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə cərimələr bölümünə dəyişikliklər edilməsi təklif olundu. Siyasi partiyalar tərəfindən dövlət orqanlarının,  vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə edilməsinə, xarici dövlətlərin siyasi partiyalarının bölmə və təşkilatlarının yaradılmasına və fəaliyyətinə, ləğv edilmiş siyasi partiyanın adından çıxış etməyə və ya fəaliyyət göstərməyə görə, yaxud həmin orqanın fəaliyyətinin qanunsuz təşkilində iştirak etməyə görə fiziki şəxslər 750-1500 manat, vəzifəli şəxslər 1500-3000, hüquqi şəxslər 8000-15000 manat miqdarında cərimə ediləcəklər.
Bildirildi ki, siyasi partiyalar maliyyə hesabatlarını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş mühasibat uçotunun aparılması qaydalarına uyğun tərtib etməli,  hər il aprel ayının 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş forma, məzmunda təqdim etməlidirlər. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə KİV-də dərc etdirməlidirlər.
Komitə  üzvləri  müzakirə edilən sənədlərlə bağlı bəzi  təkliflərini bildirdilər.  Sonda qanun layihələri  baxılmaq  üçün Milli Məclisin plenar iclasına  tövsiyə  edildi.

 

Milli Məclisin
Mətbuat xidməti
 
 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU