AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

XƏBƏRLƏR
16 noyabr 2012 | 10:11   
Paylaşın:        

Noyabrın 15-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Eldar İbrahimov iclas iştirakçılarının nəzərinə  çatdırdı ki, gündəliyə iki məsələ - “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında “Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi”nin fəaliyyətinin nizamlanması haqqında Protokol”un və “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq olunması haqqında qanun layihələri daxil edilmişdir.
Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini-aqrar qanunvericilik sektorunun müdiri Şahmərdan Kərimov sənədlər barədə ətraflı məlumat verdi. Birinci məsələ ilə əlaqədar bildirildi ki, adı çəkilən Protokol 2012-ci il sentyabrın 11-də Qəbələ şəhərində imzalanıb, 5 il müddətinə bağlanır. İcraçılar qismində Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) müəyyən  olunmuşdur.  16 maddədən ibarət olan sənəddə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq çərçivəsində toxumçuluğun qarşılıqlı inkişaf etdirilməsi və təcrübə mübadiləsi məsələləri əks olunub. Qeyd olundu ki, “Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəni”nin məqsədi hər iki ölkədə yetişdirilən taxıl, tərəvəz, yem bitkiləri sortlarının sınaq əkinlərinin aparılması və bölgənin toxum ehtiyacını ödəməkdən ibarətdir.
İkinci məsələyə dair açıqlamada göstərildi ki, Bakı şəhərində cari ilin 30 iyun tarixində imzalanmış Saziş iki ölkə arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlığı möhkəmləndirmək, bitki və bitkiçilik məhsullarının qarşılıqlı ticarətini və mübadiləsini asanlaşdırmaq niyyəti ilə bağlanıb. Sənəddə tərəflərin götürdükləri öhdəliklər sadalanır, bitki mühafizəsi və karantinlə bağlı görüləcək tədbirlər barədə bir-birini məlumatlandırmaları qaydası müəyyən edilir.
İclasda çıxış edən komitə üzvləri təqdim olunan qanun layihələrinin əhəmiyyətini vurğuladılar, ölkənin kənd təsərrüfatında gedən müsbət prosesləri, bu sahəyə aid qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində parlamentdə görülən işləri təqdirəlayiq hesab etdilər.
Geniş müzakirələrdən sonra hər iki sənədin Milli Məclisin plenar iclasına çıxarılması barədə qərar qəbul olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU