REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
20 noyabr 2012 | 10:11   
Paylaşın:        

Noyabrın 17-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası oldu.
Gündəlikdəki məsələ barədə məlumat verən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirdi ki, müzakirəyə çıxarılan layihə “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişiklikləri nəzərdə tutur. Təklif olunan dəyişikliklər əsasən inzibati ərazi vahidlərinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və ya adlarının dəyişdirilməsi, eləcə də sərhədlərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi ilə bağlıdır. Yeni qanunda şəhərlərin yaradılması mexanizmi də sadələşdirilib. Belə ki, bu qanunun qəbulundan sonra bir neçə kənd və ya qəsəbə birləşərək şəhər yarada biləcəklər. Bu isə həmin inzibati ərazi vahidlərinin inkişafı, yeni infrastrukturların yaradılması baxımından çox əhəmiyyətlidir.
İclasda qeyd olundu ki, yeni yaradılan rayon inzibati ərazi vahidləri onların mərkəzi olan ərazi vahidinin adına, şəhər və şəhər rayonları isə əhatə etdikləri ərazidəki mövcud ərazi vahidlərindən birinin adına uyğun adlandırılacaq.
Sonra Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynov qanun layihəsinə dair bir sıra məqamlara aydınlıq gətirdi. Deputatların nəzərinə çatdırıldı ki, qanuna bir sıra redaktə xarakterli dəyişikliklər də ediləcək.
Müzakirə zamanı rəy və təkliflərini bildirən komitə sədrinin müavini Fəttah Heydərov, deputatlar Fəzail İbrahimli, Azər Badamov və Tahir Rzayev qanuna dəyişikliklərin əhəmiyyətindən danışdılar. Qeyd etdilər ki, yeni inzibati ərazi vahidlərinin yaradılması, şəhər statusunun verilməsi mexanizminin sadələşdirilməsi regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək.
Fikir mübadiləsinin yekununda qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin plenar iclasına tövsiyə olundu.


                                           
Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU