MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
21 noyabr 2012 | 06:11   
Paylaşın:        

Noyabrın 21-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçiriləcək Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasında iştirak etmək üçün ölkəmizə səfərə gələn Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi xarici əlaqələr komissiyasının sədri Hoang Binh Quanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonağı salamlayan Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının siyasi təşkilatların əməkdaşlığında mühüm rolundan danışdı. Bildirdi ki, 600 mindən çox üzvü, 20 illik tarixi olan, Cənubi Qafqazda ən böyük siyasi təşkilat - Yeni Azərbaycan Partiyası beynəlxalq əməkdaşlığa böyük önəm verir. Əminəm ki, VII Assambleyada müzakirə olunacaq məsələlər bu əməkdaşlığın daha da inkişafına xidmət edəcəkdir.
Ziyafət Əsgərov iki ölkə arasında parlamentlərarası əlaqələrin, iqtisadi münasibətlərin inkişafının, kənd təsərrüfatı və elm sahəsində əməkdaşlığın vacibliyini xüsusi qeyd etdi.
Söhbət zamanı birinci vitse-spiker qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişəyə dair BMT-nin 4 qətnaməsinin hələ də icra olunmaması və Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə ətraflı məlumat verdi. 
Vyetnam Kommunist  Partiyası Mərkəzi Komitəsi xarici əlaqələr komissiyasının sədri Hoang Binh Quan Yeni Azərbaycan Partiyasının fəaliyyətini və səylərini yüksək qiymətləndirərək Azərbaycanın 20 ildə hərtəfəli böyük inkişaf yolu keçdiyini dedi. Bildirdi ki, belə bir toplantının Bakıda keçirilməsi Yeni Azərbaycan Partiyasının beynəlxalq aləmdə yüksək nüfuzunu bir daha təsdiqləyir. Qonaq əlavə etdi ki, biz Azərbaycanın sülh və əminamanlığın qorunması istiqamətindəki  səylərini dəstəkləyirik. Ölkələrimizin mövcud dostluq  münasibətlərindən danışan vyetnamlı siyasətçi qarşılıqlı əməkdaşlığın inkişafında parlamentlərin xüsusi rolunu qeyd etdi.
Görüşdə hər iki ölkənin qarşılıqlı olaraq diplomatik nümayəndəliklərinin yaradılmasının vacibliyi də diqqətə çatdırıldı.  

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU