AZƏRBAYCAN – PAKİSTAN DOSTLUĞU DAHA DA MÖHKƏMLƏNİR

XƏBƏRLƏR
26 noyabr 2012 | 03:11   
Paylaşın:        

Noyabrın 26-da Milli Məclisin Pakistanla  parlamentlərarası əlaqələr üzrə işçi  qrupunun  üzvləri  ölkəmizdə  səfərdə olan  Pakistan  parlamentinin deputatı, Milli Assambleyanın Kəşmir məsələləri üzrə xüsusi komitəsinin rəhbəri  Fəzl Ur Rəhmanın başçılıq etdiyi  nümayəndə heyəti  ilə  görüşdü. 
Qonaqları  salamlayan  qrupun rəhbəri Əliağa  Hüseynov  xalqlarımız  arasında  tarixən  mövcud  olan dostluq  əlaqələrindən danışdı. Bildirildi ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki  dost ölkə arasında qardaşlıq münasibətləri günbəgün inkişaf edir. Sevindirici haldır ki, Pakistan parlamentinin hər iki palatasında Azərbaycanla dostluq qrupları mövcuddur.
Səmimi görüş  və yüksək qonaqpərvərlik üçün  minnətdarlığını bildirən   Fəzl Ur Rəhman xalqlarımız  arasındakı  mövcud münasibətləri yüksək qiymətləndirdi. O,  hər iki ölkə  arasında ticarətin həcminin daha  da artırılmasının, parlamentlərimiz arasında  qarşılıqlı səfərlərin  intensiv hal almasının zəruriliyini  qeyd  etdi.
İşçi qrupunun üzvü Eldar İbrahimov görüşdə bildirdi: “Pakistan  o  dövlətlərdəndir ki, Dağlıq Qarabağ  münaqişəsi səbəbindən Ermənistanı dövlət kimi tanımır  və bu ölkə ilə heç bir  diplomatik əlaqə  qurmayıb. Bu gün Pakistan və Azərbaycan eyni problemləri yaşayır. Dağlıq Qarabağ probleminin həllinə görə  hər  zaman öz köməkliyini  göstərən  Pakistana biz də  öz dəstəyimizi göstərəcəyik.”
Daha  sonra  millət  vəkili Qənirə Paşayeva Azərbaycanın qaçqın və məcburi köçkün problemini anlamaqda Pakistanın digər müsəlman dövlətlərinə nümunə ola biləcəyini bildirdi:  “Mən Ermənistanla sərhədyanı bölgələri parlamentdə təmsil edən millət vəkillərindən biri kimi Azərbaycan xalqı adından Pakistan dövlətinə və onun Milli Assambleyasına öz dərin təşəkkürümü çatdırmaq istəyirəm. Çünki, Pakistan Milli Assambleyası Xocalı qətliamını soyqırım aktı kimi tanıyıb və Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini daim qətiyyətlə pisləyib. Azərbaycan  dost və qardaş Pakistan parlamentarilərinin bu addımını xalqımıza ən böyük dəstək kimi qiymətləndirir.”
Görüşdə  qarşılıqlı maraq  doğuran bir  sıra  məsələlər barədə fikir mübadiləsi  aparıldı.


Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU