AZƏRBAYCAN GÜRCÜSTAN ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

XƏBƏRLƏR
19 yanvar 2012 | 02:01   
Paylaşın:        

Yanvarın 17-də Milli Məclisdə Azərbaycan – Gürcüstan parlamentlərarası  dostluq qrupunun üzvlərinin gürcü həmkarları ilə görüşü keçirildi.
Qrupun rəhbəri Qənirə Paşayeva qonaqları salamlayaraq, onları parlamentdə görməyindən məmnun olduğunu bildirdi. Millət vəkili Gürcüstanın bizim üçün yaxın dost və müttəfiq olduğunu bildirdi. Beynəlxalq qurumlarda eyni mövqeydən çıxış etməyimiz iki ölkə rəhbərinin yürütdüyü strateji tərəfdaşlıq siyasətinin nəticəsi kimi qiymətləndirildi. Əməkdaşlığımızın tarixi kökləri haqqında məlumat verən deputatımız, hər iki dövlətin üzləşdiyi işğal və qaçqın probleminin həlli üçün səylərimizi birləşdirməyin vacibliyini vurğuladı.
Gürcüstan Parlamentinin sədr müavini, nümayəndə heyətinin başçısı Fridon Todua səmimi qəbula görə təşəkkür edərək, görüşdən məmnun olduğunu bildirdi. Bakıya növbəti səfərindən az vaxt keçməsinə baxmayaraq, bu iki il ərzində ölkəmizin daha da inkişaf etdiyini söylədi.  O, iki xalqın tarix boyu eyni mövqedən çıxış etdiyini xatırladaraq, bütün məsələlərdə yenə də bir olacağını, Azərbaycanın gürcü xalqı üçün yaxın dost olduğunu qeyd etdi. Dövlətlərimizin tezliklə öz ərazi bütövlüyünü bərpa edəcəklərinə əmin olduğunu söyləyən qonaq, bu istiqamətdə birgə addımlayacağımızı vurğuladı.
Çıxış zamanı deputatlarımız ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi, mədəni əlaqələrin günü-gündən inkişaf etdiyini bildirərək parlamentlərarası əlaqələrin inkişafında bundan sonra da səylə çalışacaqlarını vurğuladılar.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU