MİLLİ MƏCLİSDƏ QDİƏT PARLAMENT MƏCLİSİNİN TƏDBİRLƏRİ BAŞLANDI

XƏBƏRLƏR
26 noyabr 2012 | 04:11   
Paylaşın:        

Noyabrın 26-da Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 39-cu iclası keçirildi. İclasın açılışında QDİƏT PM-in vitse-prezidenti Asəf Hacıyev iştirakçıları salamlayaraq tədbirin böyük əhəmiyyət kəsb etdiyini bildirdi.
QDİƏT PM Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Jalə Əliyeva komitənin fəaliyyəti, iclasın gündəliyi barədə ətraflı məlumat verdi. Bildirdi ki,  bu gün quruma üzv dövlətlərin sosial təminat sistemindəki islahatlarla bağlı məruzə dinləniləcək, müzakirələr aparılacaq. Komitə sədri Azərbaycanda həyata keçirilən pensiya islahatlarından, əhalinin sosial təminatının gücləndirilməsi, işsizliyin aradan qaldırılması və yoxsulluğun azaldılması istiqamətində görülən işlərdən də danışdı.
Sonra iclasda komitənin üzvü, QDİƏT PM-də Ukrayna nümayəndə heyəti başçısının müavini, Ukrayna Ali Radasının deputatı Liliya Qriqoroviç “QDİƏT-ə üzv olan dövlətlərin sosial təminat sistemində islahatlar” mövzusunda məruzəni təqdim etdi. O bildirdi ki, dünyada baş verən qlobal maliyyə böhranı bir sıra ölkələrdə işsizlik problemi yaradıb, yoxsulluğun səviyyəsi artıb, bəzi Avropa ölkələrinin maliyyə durumu ağırlaşıb. Lakin QDİƏT-ə üzv ölkələrin bəzilərində, o cümlədən Azərbaycanda həyata keçirilən sosial islahatlar müsbət nəticələr verib. Əhalinin aztəminatlı təbəqəsinin rifahı yaxşılaşıb, yoxsulluğun səviyyəsi xeyli aşağı düşüb. Bu irəliləyişdə Azərbaycanda verilən ünvanlı sosial yardımın, dövlət sektorunda çalışanların minimum əməkhaqqının və pensiyalarının baza hissəsinin 2010-cu ildən etibarən artırılmasının xüsusi rolu olub.
Məruzə ətrafında diskussiyalarda geniş fikir mübadiləsi aparıldı. Jalə Əliyeva məruzəyə dair tövsiyə layihəsini təqdim etdi. Məruzə və tövsiyələr yekdilliklə qəbul olundu.
İclasda QDİƏT PM Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 40-cı iclasının mövzusu müəyyənləşdirildi. Komitənin üzvü, Moldova parlamentinin deputatı Nae-Simion Pleşka “QDİƏT-ə üzv ölkələrin universitetlərində magistr pilləsi üzrə təhsilin inkişaf istiqamətləri” mövzusunda məruzə etmək üçün komitənin 40-cı iclasına məruzəçi təyin olundu.
İclasda bir sıra təşkilati məsələlərə də baxıldı. Nae-Simion Pleşka Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədr müavini seçildi. Növbəti iclasın 2013-cü ilin martında Moldovanın paytaxtı Kişinyovda keçirilməsi qərara alındı. Həmçinin gələn il QDİƏT-in yaranmasının 20 illiyinin qeyd olunması barədə bəyannamə layihəsi qəbul olundu.


***


Noyabrın 26-da Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Hüquqi və siyasi komitəsinin əlavə iclası keçirildi.


                                                                      Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU