TSETSKA TSAÇEVA: “Azərbaycanda Slavyan Universitetində bolqar dilinin tədrisindən çox məmnun oldum”

XƏBƏRLƏR
27 noyabr 2012 | 06:11   
Paylaşın:        

 Noyabrın 27-də Milli Məclisin Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı  Parlament Məclisinin (QDİƏT PM) Baş Assambleyasının 40-cı plenar sessiyasında iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Bolqarıstan Xalq Məclisinin  sədri Tsetska Tsaçeva ilə görüşü keçirildi.
 Qonaqları salamlayan işçi qrupun rəhbəri Siyavuş Novruzov bildirdi  ki, bu gün Azərbaycanla Bolqarıstan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Münasibətlərimizin genişlənməsində dövlət başçılarının rolunu xüsusi  qeyd  edən deputat dövlətlərarası əməkdaşlığın inkişafına parlamentlərin də öz töhfəsini verdiyini dedi.  Siyavuş Novruzov Bolqarıstan Respublikasına Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirdiyi mövqeyə, xüsusən də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlığını ifadə etdi.  O, Bolqarıstanın yeni parlament seçkilərinin astanasında olduğunu bildirdi və növbəti seçkilərdə  xanım Tsaçevaya, eləcə də onun tərəfdaşlarına uğurlar arzuladı. 
Öz növbəsində Bolqarıstan parlamentinin sədri Tsetska Tsaçeva parlament müstəvisində çox fəal əməkdaşlığımızdan söz açdı. Əlaqələrimizin daha da inkişafı üçün geniş imkanların mövcud olduğunu dedi. İqtisadi əlaqələrdən danışan spiker Azərbaycanın çox zəngin təbii ehtiyatlara malik olduğunu  bildirdi. Qeyd olundu ki,  Bolqarıstan bu ehtiyatlardan faydalanmaq niyyətindədir. Qonaq Azərbaycanda Slavyan Universitetində slavyan dillərinin öyrənilməsini yüksək qiymətləndirdi, xüsusən də bolqar dilinin tədrisinə görə minnətdarlığını bildirdi.
Sonra görüşdə deputatlarımızın beynəlxalq təşkilatlarda əməkdaşlığı, parlamentlərarası dostluq qruplarının qarşılıqlı səfərlərinin intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU