FRİDON TODUA: “Azərbaycan Gürcüstanın təkcə qonşusu deyil, yaxın dostudur...”

XƏBƏRLƏR
17 yanvar 2012 | 05:01   
Paylaşın:        

Yanvarın 17-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr  komitəsinin  üzvləri  ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədr müavini Fridon Toduanın başçılıq etdiyi nümayəndə  heyəti ilə görüşdü.
Qonaqları  salamlayan komitənin sədri Səməd Seyidov xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinin tarixi ənənələrə, qədim köklərə malik olduğunu bildirdi. Qeyd olundu ki, Azərbaycan və Gürcüstan təkcə qonşu və dost  deyil, eyni zamanda  strateji müttəfiqdirlər. Bu gün  hər iki ölkə prezidentinin siyasəti nəticəsində bu əlaqələr daha da güclənir. Beynəlxalq təşkilatlarda  hər iki xalqın eyni mövqedən çıxış etməsi yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərimizin bariz nümunəsidir. Səməd Seyidov hər iki xalqın ərazi bötüvlüyünün pozulmasından əziyyət çəkdiyini diqqətə çatdırdı. Qeyd  edildi ki,  Azərbaycanda 1 milyon, Gürcüstanda isə 500 mindən artıq qaçqın və məcburi köçkün var. Beynəlxalq ictimaiyyət bu insanların problemləri ilə az maraqlanır. Bu məsələdə bir-birimizə dəstək verməliyik.
Görüş üçün təşəkkürünü bildirən Fridon Todia xalqlarımızın sadəcə  qonşu deyil, yaxın dost olduğunu diqqətə çatdırdı. Qonaq Gürcüstanın hər zaman Azərbaycanın dəstəyini hiss etdiyini xüsusi vurğuladı.
Görüşdə ölkələrimiz arasında mədəni və humanitar sferada, elm və təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqazdakı vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU