Milli Məclis Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsini təsdiq etdi

XƏBƏRLƏR
03 dekabr 2012 | 09:12   
Paylaşın:        

Noyabrın 30-da Milli Məclisin növbəti iclası keçirildi.
İclasın gündəliyinə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” və büdcə zərfinə daxil olan “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetası haqqında” və “Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında” qanun layihələri daxil edilmişdi.
Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, 2013-cü ilin dövlət büdcəsi layihəsinin parlamentdə müzakirəsi zamanı 75 deputat çıxış etmiş, bir sıra rəy və təkliflər səsləndirmişlər. Hökumət deputatların qaldırdıqları məsələləri bir daha müzakirə etmiş və gələn ilin əsas maliyyə sənədinə bəzi dəyişikliklər olunmuşdur.
Sonra maliyyə naziri Samir Şərifov çıxış edərək 2013-cü ilin dövlət büdcəsinin gəlir və xərclər hissəsinə edilən dəyişiklikləri deputatların diqqətinə çatdırdı.
Bildirdi ki, büdcə layihəsinin müzakirəsi zamanı deputatların səhiyyə sisteminin, əsasən də xüsusi təyinatlı səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, dövlət büdcəsindən siyasi partiyalara ayrılan maliyyə vəsaitinin artırılması haqqında təklifləri bir daha nəzərdən keçirilmişdir. Hökumət həmin təkliflərin bəzilərini müsbət qarşılamış və dövlət büdcəsinin gəlir və xərclər hissəsində dəyişikliklər olunmuşdur. Belə ki, səhiyyə sisteminə əlavə olaraq 3 milyon manat, siyasi partiyaların maliyyələşdirilməsinə əlavə olaraq 500 min manat  ayrılması məqbul hesab olunmuşdur. Beləliklə, Azərbaycan Respublikasının 2013-cü il üçün dövlət büdcəsinin gəlirləri 5 milyon manat artırılaraq 19 milyard 159 milyon manata, büdcənin gələn il üçün xərcləri isə 40 milyon manat artırılaraq 19 milyard 850 milyon manata çatdırılmışdır. Dövlət büdcəsinin kəsir hissəsi isə 691 milyon manat olmuşdur. 
Eyni zamanda, icmal büdcənin gəlirləri artırılaraq 20 milyard 729 milyon manata, xərcləri isə 24 milyard 500 milyon manata çatdırılmışdır.   
Nazirin çıxışı dinlənildikdən sonra Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi səsə qoyularaq təsdiq edildi.
Sonra Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov çıxış edərək fondun 2013-cü il büdcəsi ilə bağlı məlumat verdi.
Səsvermədən sonra Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin gəlir və xərcləri eyni olmaqla 2 milyard 632,7 milyon manat, yaşayış minimumu 116 manat, ünvanlı sosial yardımlar üçün nəzərdə tutulan ehtiyac meyarı isə 93 manat təsdiq olundu. 
İclasda Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının da xərclər smetası səsə qoyularaq təsdiqləndi.
İclasa yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gələn ilin dövlət büdcəsi müstəqil ölkəmizin tarixində ən böyük büdcədir. Əminəm ki, ölkəmizin büdcəsi Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da yüksək səviyyədə olacaq, insanların sosial rifahı daha da yaxşılaşacaqdır.
Bununla da Milli Məclisin iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU