ABŞ DÖVLƏT DEPARTAMENTİNİN NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
11 dekabr 2012 | 04:12   
Paylaşın:        

  Dekabrın 11-də  Milli Məclis Sədrinin birinci  müavini, Təhlükəsizlik və müdafiə  komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının dövlət katibinin demokratiya,  insan haqları və əmək məsələləri üzrə müşaviri Tomas Melianın başçılıq etdiyi nümayəndə heyəti ilə  görüşdü.
Qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluq  duyduğunu deyən  Ziyafət  Əsgərov onlara Milli Məclisdə qanun yaradıcılığı prosesi, Konstitusiyanın  təsbit etdiyi   vətəndaş  hüquqları,  seçki prosesi  barədə  ətraflı məlumat verdi. Ölkələrimiz arasında münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini söyləyən birinci vitse-spiker  qeyd  etdi ki, münasibətlərimiz artıq  ən yaxın müttəfiqlik səviyyəsindədir. Azərbaycan Amerika Birləşmiş Ştatları ilə münasibətlərin daha da möhkəmlənməsində maraqlıdır. O, əlaqələrimizn  inkişafında parlamentlərarası dostluq qruplarının  fəaliyyətini də  yüksək qiymətləndirdi. Azərbaycanın  bir çox qlobal  layihələrin  təşəbbüskarı və iştirakçısı olduğunu bildirən Ziyafət  Əsgərov  qeyd  etdi ki, ölkəmiz Avropanın karbohidrogen ehtiyatları ilə təmin olunmasında  əhəmiyyətli yer  tutur. Qonaqlara  Dağlıq Qarabağ  münaqişəsi barədə məlumat verən  parlament  sədrinin birinci müavini vurğuladı ki, Ermənistanın işğalçılıq siyasətindən və törətdiyi terror hadisələrindən əziyyət çəkən ölkəmiz beynəlxalq terrorizmə qarşı mübarizədə ilk gündən ABŞ-ın yanında olub. 
Səmimi görüş üçün minnətdarlıq edən Tomas Melia bildirdi ki,  bugünkü  görüşün məqsədi ölkənin ali qanunvericilik hakimiyyətinin fəaliyyəti ilə əlaqədar  parlament  rəhbərliyinin  fikirlərini dinləməkdir. Qonaq Azərbaycanın Kosovo, Əfqanıstan və İraqda NATO qüvvələri tərkibində sülhyaratma əməliyyatlarına və beynəlxalq terrorizmə qarşı mübarizəyə verdiyi dəstəyə görə ölkəmizə təşəkkürünü bildirdi. Qeyd  olundu ki, ABŞ demokratiya  yolunda  inamlı addımlar atan Azərbaycanla çox yaxşı münasibətlər qurub və bu əməkdaşlığın daha da  dərinləşməsində maraqlıdır.
Söhbətdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir  mübadiləsi  aparıldı.
Görüşdə Milli Məclisin komitə sədrləri Əli Hüseynli, Hadi Rəcəbli, Rəbiyyət Aslanova və digər  rəsmi şəxslər  iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU