SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

XƏBƏRLƏR
19 dekabr 2012 | 10:12   
Paylaşın:        

Dekabrın 13-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi.  Komitə  sədri Hadi Rəcəbli  gündəlikdə  duran məsələlərlə  iclas iştirakçılarını tanış etdi. Bildirildi ki, bu gün İnzibati  Xətalar və Əmək məcəllələrinə dəyişikliklər edilməsi barədə qanun  layihələri  müzakirə olunur.  Komitə  sədri qeyd etdi ki,  “Həmkarlar  İttifaqı haqqında” qanun layihəsinə edilən dəyişikliklər Əmək Məcəlləsinə uyğunlaşdırılacaq. Dəyişikliklər mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfin həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə ittifaqa üzvlük haqlarının tutulmasının təmin edilməsini və 4 iş günü müddətində həmkarlar ittifaqının hesabına köçürülməsini tələb edir. Köçürməni gecikdirənlər üçün  2 ilədək inzibati tənbeh cəzası nəzərdə tutulacaq.
Hadi Rəcəbli iclasda onu da vurğuladı ki, bu dəyişiklik həmkarlar ittifaqlarının formalaşmasına və inkişafına öz töhfəsini verəcək. Belə ki, vaxtında baş tutan köçürmələr hesabına həmkarlar ittifaqı daha çox üzvlərini kurort və sanatoriyalara müalicə və istirahət üçün göndərmək, onlara yardım etmək imkanı əldə edəcək. Daha sonra komitə üzvləri İnzibati Xətalar Məcəlləsində  redaktə  xarakterli dəyişikliklər  etdilər.
Sonda hər iki sənədin Milli Məclisin plenar  sessiyasının  müzakirəsinə çıxarılması məqsədəuyğun hesab edildi. 


Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU