MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
13 dekabr 2012 | 06:12   
Paylaşın:        

Dekabrın 13-də Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycanda səfərdə olan ABŞ-ın Texas ştatının  maliyyə naziri xanım Syuzan Kombs və ştat Senatının nümayəndələri ilə görüşdü.
Valeh Ələsgərov bildirdi ki, Azərbaycanla ABŞ arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ölkələrimiz arasındakı əlaqələr bütün sahələrdə uğurla inkişaf edir, keçən il ticarət dövriyyəmiz 1 milyard 800 milyon ABŞ dollarını keçmişdir. Sədr müavini qeyd etdi ki, Azərbaycanın Amerikanın müxtəlif ştatları ilə sıx münasibətləri vardır.  İnanırıq ki, Texas ştatı ilə də əməkdaşlığın inkişafı hər iki tərəf üçün faydalı olacaqdır. 
Valeh Ələsgərov Texas ştatının nümayəndə heyətinin Azərbaycana səfərinin təkcə iqtisadi sahədə deyil, qanunverici orqanlarımız arasında da münasibətlərin genişlənməsinə təkan verəcəyinə əmin olduğunu bildirdi.
Sonra vitse-spiker qonaqlara Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, neft strategiyası, qeyri-neft sektorunun inkişafı barədə ətraflı məlumat verdi.
Bildirildi ki, Azərbaycan iqtisadi inkişafına görə dünyanın aparıcı dövlətləri sırasına çıxmış, regionda lider dövlət statusu qazanmışdır. Lakin Ermənistanın təcavüzkar siyasəti və Azərbaycan torpaqlarının 20 faizdən çoxunu işğal etməsi bu inkişafa maneə olmaqla regionun və Avropanın təhlükəsizliyinə ciddi təhdiddir.  
Söhbət zamanı Azərbaycanla Texas arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən parlamentlər səviyyəsində inkişaf perspektivləri, enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyəti vurğulandı.

      
 Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU