REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

XƏBƏRLƏR
19 dekabr 2012 | 10:12   
Paylaşın:        

Dekabrın 14-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. Komitənin sədri Arif Rəhimzadə bildirdi ki, iclasın gündəliyinə “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” və “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” məsələlər daxildir.
Komitə sədri məlumat verdi ki, birinci layihəyə görə, Bakı şəhərinin Xəzər rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək Bakı şəhərinin yeni Pirallahı rayonunun yaradılması nəzərdə tutulub. Dəyişikliyə əsasən, Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri Bakı şəhərinin Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhərinin Pirallahı rayonunun tabeliyinə veriləcək.
Digər qanun layihəsində isə, Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi təklif olunur. Bu qanunun qəbulundan sonra Gəncə şəhərinin ərazisi 2694 hektar genişləndirilərək 12,5 min hektar təşkil edəcək.
Qeyd olundu ki, bu torpaqların böyük hissəsi dövlət, bir hissəsi isə bələdiyyə torpaqlarıdır. Bildirildi ki, bu dəyişiklik Gəncə şəhərinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Deputatların fikirləri dinlənildikdən sonra hər iki qanun lahiyəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU