AZƏRBAYCAN – ÇİN ƏLAQƏLƏRİ GÜNBƏGÜN MÖHKƏMLƏNİR

XƏBƏRLƏR
19 dekabr 2012 | 10:12   
Paylaşın:        

Dekabrın 17-də Milli Məclisin Azərbaycan – Çin   parlamentlərarası əlaqələr üzrə işçi  qrupu  üzvlərinin  ölkəmizdə  səfərdə olan  Çin Xalq  Siyasi  Konsultativ Şurası Ümumçin Komitəsinin sədr müavini  Bay Liçenin  başçılıq etdiyi  nümayəndə heyəti  ilə  görüşü oldu. 
Qonaqları  salamlayan  qrupun rəhbəri,  YAP-ın İcra katibi Əli Əhmədov  xalqlarımız  arasında  tarixən  mövcud olan qardaşlıq  əlaqələrindən söhbət  açdı. Bildirildi ki, iki  dost ölkə arasında münasibətlər gündən-günə inkişaf edir. Parlamentlər arasındakı sıx əlaqələr bu münasibətlərin inkişafına  müsbət təsir göstərir. Əli Əhmədov Azərbaycanda Çinin sürətli inkişafının diqqətlə  izlənildiyini və qarşılıqlı səfərlərin bu sahədə böyük önəm daşıdığını dilə gətirdi. O,  hər iki xalqın  bir-birinin ərazi bütövlüyünü dəstəkləməsindən, siyasi sahədə sıx əlaqələr qurmağın əhəmiyyətindən və   Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasındakı əlaqələrdən söz açdı. Daha  sonra Əli Əhmədov qeyd  etdi ki, Azərbaycan iqtisadiyyatı xarici sərmayələr üçün açıqdır və bu da imkan verir ki, çinli sahibkarlar buraya sərmayə yatırsın. Ölkələrimiz qarşılıqlı əməkdaşlıq nəticəsində ticarət dövriyyəsinin həcmini artıra bilərlər.
Səmimi görüş  və yüksək qonaqpərvərlik üçün  minnətdarlığını bildirən   Bay Liçen iki ölkənin parlamentləri arasındakı dostluq əlaqələrinin nəzərə çarpacaq dərəcədə inkişaf etdiyini qeyd etdi.  Qonaq dedi: “Beynəlxalq arenada əməkdaşlığımız və bir-birimizə dəstək verməyimiz regionda sabitliyin və sülhün bərqərar olmasında mühüm əhəmiyyət kəsb edir”. O,  vurğuladı ki, Azərbaycan və Çin hazırda yüksək inkişaf tempi nümayiş etdirən ölkələrdir və iqtisadi ələqələrin inkişafı üçün yaxşı potensial var. Əməkdaşlığımız xalqlarımızın rifahına xidmət edir. Bay Liçen  bildirdi ki, Çin Kommunist Partiyasının 18-ci qurultayından sonra Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsi qarşıya məqsəd kimi qoyulub.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi  aparıldı.


Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU