BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ PARLAMENTLƏRARASI ƏLAQƏLƏR KOMİTƏSİNDƏ GÖRÜŞ

XƏBƏRLƏR
17 yanvar 2012 | 06:01   
Paylaşın:        

Yanvarın 17-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin İraq Parlamentinin nümayəndə heyəti ilə görüşü keçirildi.
Parlamentin komitə sədri Səməd Seyidov iraqlı qonaqları salamlayaraq, səfərin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. Bildirildi ki, ölkələrimiz arasında qədim tarixi əlaqələr mövcuddur. Mədəniyyətimiz, dinimiz birdir. Bir çox klassik Azərbaycan yazıçıları, şairləri öz əsərlərini İraqda yaratmışlar. Müasir dünyada məqsədlərimiz, məramlarımız eynidir. Hər iki ölkə sülhün möhkəmləndirilməsi, demokratiyanın inkişafı istiqamətində fəaliyyət göstərir. Bu gün ölkələrimiz terrora qarşı fəal mübarizə aparırlar. Bildirildi ki, həm Azərbaycanda, həm İraqda mövcud olan dini tolerantlıq bütün dünyaya bir nümunədir.
Söhbət zamanı Səməd Seyidov rəhbərlik etdiyi komitənin  fəaliyyəti barədə məlumat verdi. Ölkədə aparılan islahatların qanunvericilik bazasının yaradılmasında parlamentin əhəmiyyətli rol oynadığını qeyd etdi. Azərbaycanın İraqla parlamentlərarası münasibətlərin inkişafında maraqlı olduğunu vurğuladı. Nümayəndə heyətlərimizin beynəlxalq təşkilatlarda birgə fəaliyyətini yüksək dəyərləndirdi.
İraqın Xarici əlaqələr komitəsinin sədri Hammam Hamudi onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə etdi. O, iqtisadi, mədəni, humanitar sahələrdə, həmçinin vətəndaş cəmiyyətinin inkişafı istiqamətində əməkdaşlığın əhəmiyyətindən danışdı. Beynəlxalq təcrübəyə əsaslanan demokratik cəmiyyətin qurulmasını vacib saydı.
Qonaq səfər zamanı Azərbaycanda yüksək inkişafın, tərəqqinin şahidi olduqlarını qeyd etdi. Hammam Hamudi Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinin əhəmiyyətini xüsusilə vurğuladı. Nümayəndə heyətlərimizin beynəlxalq qurumlarda birgə fəaliyyətini təqdirəlayiq hesab etdi.
Qonaq parlamentlər arasında əlaqələrin genişləndirilməsi, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsinin əhəmiyyəti barədə fikirlərini bildirdi.
Görüşdə tərəflər Azərbaycan-İraq münasibətlərinin xalqlarımızın mənafeyi  naminə bundan sonra da dostluq və əməkdaşlıq müstəvisində inkişaf edəcəyinə əmin olduqlarını söylədilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU