GUAM REGİONAL və BEYNƏLXALQ TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİNDƏ VACİB ROL OYNAYIR

XƏBƏRLƏR
20 dekabr 2012 | 05:12   
Paylaşın:        

Dekabrın 19-da Milli Məclisdə GUAM Parlament Assambleyasının geniş tərkibli beşinci iclası öz işinə başladı. Tədbirdə quruma üzv ölkələrin milli nümayəndə heyətləri ilə yanaşı GUAM-ın Baş katibi, Baltik Assambleyasının, Benilüks Parlamentinin, Cənub-Şərqi Avropa Əməkdaşlığı Prosesi Parlament Ölçüsünün, Vişeqrad Qrupuna üzv dövlətlərin nümayəndə heyətləri, həmçinin ölkəmizdəki diplomatik korpusun təmsilçiləri, müxtəlif nazirlik və qurumların, TürkPA-nın rəsmi nümayəndələri, ekspertlər iştirak edirdilər.  
 Öncə Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri, NATO Parlament Assambleyasında Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov qonaqları salamladı. GUAM PA-nın beşinci iclasının iştirakçılarına səmərəli və uğurlu iş arzuladı. Qeyd etdi ki, qurumun iclası Azərbaycanda ilk dəfə keçirilsə də, qonaqların sayı baxımından GUAM PA-nın tarixində ən geniş tərkibli iclasdır. Bu onu göstərir ki, təşkilatın beynəlxalq aləmdə nüfuzu getdikcə artır.
Birinci vitse-spiker qeyd etdi ki, hazırkı inteqrasiya dövründə dünya ölkələrindəki, o cümlədən GUAM regionundakı bir çox siyasi, iqtisadi, ekoloji problemləri yalnız səyləri birləşdirmək yoluyla həll etmək olar. Ölkələrimizin inkişaf perspektivləriylə bağlı məsələlərə ümumi baxışın və yanaşmanın mövcudluğu əməkdaşlığımızın möhkəm təməllər üzərində qurulmasını şərtləndirir. GUAM-ın yaratdığı əməkdaşlıq imkanları regionun zəngin təbii ehtiyatlarından, nəqliyyat imkanlarından və intellektual potensialından səmərəli istifadəyə imkan yaradır. Quruma  üzv dövlətlərin fəal iştirakıyla Cənubi Qafqazda həyata keçirilən transmilli iqtisadi layihələr Avropanın enerji təhlükəsizliyi arxitekturasının mühüm elementlərinə çevrilməkdədir. GUAM təşkilatı regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində getdikcə daha vacib rol oynayır. BMT-nin Baş Məclisinə təqdim edilmiş “BMT və GUAM arasında əməkdaşlıq” adlı qətnamə layihəsinin dekabrın 17-də yekdilliklə qəbul edilməsi bunun bariz təcəssümüdür.
Sonra Ziyafət Əsgərov müasir dünyada parlament diplomatiyasının əhəmiyyətindən söz açdı. Bildirdi ki,  parlament diplomatiyası ənənəvi diplomatiya mexanizmlərini tamamlayıb zənginləşdirir, dövlətlərarası məsələlərin həllinə, sivilizasiyalar arasında dialoq üçün maneələrin aradan qaldırılmasına sanballı töhfələr verir. Bu baxımdan Azərbaycanın Milli Məclisi GUAM PA-nın fəaliyyətini yüksək dəyərləndirir, bundan sonra da dəstəyini əsirgəməyəcək.   
Milli Məclis Sədrinin  birinci müavini öz çıxışında Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu. GUAM dövlət başçılarının və xarici işlər nazirlərinin bütün beynəlxalq tədbirlərdə vahid mövqedən çıxış etməsini təqdirəlayiq hal kimi dəyərləndirdi.
 Sonra iclasda xarici işlər nazirinin müavini Araz Əzimov GUAM-la bağlı fikirlərini bölüşdü. Müasir dünya siyasətində bu qurumun oynadığı roldan, GUAM-ın beynəlxalq nüfuzunun artmasından, regional institut kimi öz fəaliyyətində yeni mərhələyə qədəm qoymasından ətraflı söhbət açdı. 
Qurumun geniş tərkibli beşinci iclasının açılış mərasimində GUAM-ın Baş katibi Valeri Çeçelaşvili GUAM PA-nın xəttilə həyata keçirilən işlərdən danışdı. Bakıdakı tədbirin yüksək səviyyədə təşkilinə və Azərbaycan qonaqpərvərliyinə görə iştirakçılar adından minnətdarlığını bildirdi. Bakıya hər gəlişində müşahidə etdiyi tərəqqidən məmnunluğunu ifadə etdi.
Sonra iclas işini davam etdirdi.
GUAM PA-nın Sədri, qurumdakı Milli Məclis nümayəndə heyətinin rəhbəri Elton Məmmədov qonaqları salamlayaraq tədbirə qatılan Baltik Assambleyası, Benilüks Parlamenti, Vişeqrad Qrupu ölkələri və Cənub-Şərqi Avropa Əməkdaşlığı Prosesi Parlament Ölçüsünü təmsil edən həmkarlarına GUAM PA-nın üzvləri adından təşəkkürünü bildirdi. Qeyd etdi ki, parlament qurumları arasında yaranmış qarşılıqlı faydalı münasibətlər regionlarımızı birləşdirən və xalqlarımızı daha da yaxınlaşdıran körpü rolunu oynayır. O dedi ki, istər sosial-iqtisadi, istər səhiyyə və mədəniyyət, istərsə də idman və turizm sahələrində maraqlı və faydalı layihələrin reallaşdırılması üçün təşkilatlarımızın kifayət qədər potensialı var.
GUAM-ın Baltik Assambleyası ilə münasibətlərinin tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayan moderator Elton Məmmədov xatırlatdı ki, bu iki təşkilat arasında hələ 2009-cu ilin iyununda “Əməkdaşlıq haqqında Bəyannamə” imzalanıb. Baltik Assambleyasının sessiyalarında GUAM regionu və ölkələri üçün böyük əhəmiyyət kəsb edən sənədlər qəbul edilib. Sonra Benilüks Parlamenti ilə əlaqələrə toxunan moderator bildirdi ki, cari ilin mayında GUAM PA-nın geniş tərkibli nümayəndə heyəti Benilüks Parlamentinin Haaqada keçirilmiş növbəti sessiyasında iştirak edib. Vişeqrad qrupu ölkələri ilə də əməkdaşlığın perspektivləri müsbət qiymətləndirilir. Neçə ildir ki, “GUAM+” əməkdaşlıq formatı çərçivəsində GUAM Vişeqrad ölkələrindən Polşa və Çexiya ilə əməkdaşlığı davam etdirir. Vurğulandı ki, həmin formatın GUAM dövlətləri ilə Vişeqrad dördlüyünün parlamentləri arasında tətbiq edilməsi çoxtərəfli parlamentlərarası əlaqələrin möhkəmlənməsinə əlavə təkan verər. Bildirildi ki, GUAM Cənub-Şərqi Avropa Əməkdaşlığı Prosesinin Parlament Ölçüsü və Türkdilli ölkələrin Parlament Assambleyası ilə əlaqələrin genişlənməsində maraqlıdır.
Sonra iclasda qurumdakı milli nümayəndə heyətlərindən Gürcüstan Parlamenti nümayəndə heyətinin rəhbəri Zurab Abaşidze, Moldova Parlamenti nümayəndə heyətinin rəhbəri Anatoli Dimitriu, Benilüks Parlamentinin Prezidenti Jak Biskop, Baltik Assambleyasının vitse-prezidenti Raymonds Veyonis, Bolqarıstan Milli Assambleyası sədrinin müavini, Cənub-Şərqi Avropa Əməkdaşlığı Prosesi Parlament Ölçüsünün nümayəndə heyətinin rəhbəri Giorgi Pirinski, Polşa Seymi sədrinin müavini, Vişeqrad Qrupu nümayəndə heyətinin rəhbəri Cezari Grabarczyk görülən işlərdən danışdılar. Əməkdaşlığın perspektivlərinə dair rəy və təkliflərini bölüşdülər.
Fasilədən sonra GUAM Parlament Assambleyasının beşinci iclası davam etdirildi. İclasda “GUAM-a üzv dövlətlərin Avropaya inteqrasiya prosesləri: Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq”, “Regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində çoxtərəfli parlamentlərarası əməkdaşlığın rolu”, “GUAM regionunun enerji potensialı və Avropanın enerji təhlükəsizliyində iştirakı”, “GUAM-a üzv dövlətlər arasında humanitar və elmi-texniki sahədə əməkdaşlıq”, “Regionlararası əməkdaşlığın inkişaf etdirilməsində parlament təşkilatlarının rolu” mövzularında məruzələr dinlənildi. Məruzəçilər bu sahələrdəki mövcud vəziyyət və imkanlar barədə iştirakçılara ətraflı məlumat verdilər.
GUAM Parlament Assambleyasının beşinci iclası dekabrın 20-də davam etdiriləcək.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU