GUAM PA-nın 5-ci İCLASI BAŞA ÇATDI

XƏBƏRLƏR
21 dekabr 2012 | 09:12   
Paylaşın:        

Dekabrın 20-də Milli Məclisdə GUAM Parlament Assambleyasının geniş tərkibli beşinci iclası öz işini davam etdirdi.
Öncə GUAM PA-nın Sədri Elton Məmmədov çıxış edərək iclasın birinci günündə görülmüş işlərə nəzər saldı. Bildirildi ki, iştirakçıların fəallığı şəraitində keçən toplantı çox məhsuldar olub. Aparılan müzakirələr, qaldırılan məsələlər və qəbul edilən qərarlar qurumun gələcək fəaliyyətinin genişlənməsinə, beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsinə  xidmət edəcək. Bakı toplantısı GUAM PA ilə yanaşı bu iclasda təmsil olunmuş beynəlxalq parlament təşkilatları arasında əməkdaşlığın inkişafına layiqli töhfə verdi.
Qurumun rəhbəri onu da vurğuladı ki, dövlətlərimiz arasındakı  əlaqələrin inkişafında xüsusi rolu olan ali qanunverici orqanların bu sahədə fəallığını bir qədər də artırmaq lazımdır. Parlament diplomatiyası amilindən maksimum bəhrələnərək, faydalı parlamentlərarası əməkdaşlıq mexanizmlərini səmərəli şəkildə tətbiq etməliyik. Bu işdə parlament dostluq qruplarının imkanlarına ciddi əhəmiyyət verilməlidir.
Sonra  GUAM PA-nın Sədri Elton Məmmədov tədbirlə əlaqədar qurumun qəbul etməli olduğu Kommünike barədə məlumat verdi. Bildirdi ki, hazırlanmış Kommünike təşkilatın beynəlxalq fəaliyyətini alqışlayır, Baltik Assambleyası və Benilüks Parlamenti ilə, həmçinin digər beynəlxalq və regional qurumlarla əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini yüksək dəyərləndirir. Sənəddə tərəflər qeyd edir ki, Parlament Assambleyası demokratiyanın möhkəmləndirilməsində, qanunun aliliyinə, insan haqlarına və azadlıqlara əməl edilməsində, dövlətlərin iqtisadi inkişafında, regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində vacib rol oynayır. Kommünikedə GUAM regionunda həlli uzanan münaqişələrin çözülməsiylə bağlı irəliləyişin olmamasından narahatlıq ifadə edilir.  Son olaraq sənəddə GUAM PA-nın altıncı iclasının gələn il Gürcüstanda keçiriləcəyi bildirilir. Tədbir iştirakçılarını sənədin əsas məqamları ilə tanış etdikdən sonra Kommünikenin qəbul olunduğu bəyan edildi.
Yekun sənədin qəbulundan sonra GUAM PA-dakı Gürcüstan parlamenti nümayəndə heyətinin rəhbəri Zurab Abaşidze çıxış etdi. O, Bakı toplantısının ən yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə görə Milli Məclisin rəhbərliyinə təşəkkürünü bildirdi. Bu iki gündə qurum üzvlərinin çox məhsuldar işlədiyini, gündəlikdəki bütün məsələlərin müzakirə olunduğunu, iclasa qatılmış beynəlxalq təşkilatların nümayəndələri ilə olduqca səmərəli fikir mübadiləsi aparıldığını, ümumiyyətlə, GUAM-ın fəaliyyətində beynəlxalq dəstəyin vacibliyini vurğuladı.
Zurab Abaşidze dedi ki, 2013-cü ildə təşkilata Gürcüstan sədrlik edəcək. O, həmin dövrdə görəcəkləri işlərdən danışdı. Beynəlxalq və regional qurumlarla daha sıx siyasi əməkdaşlıq etmək, həmçinin təşkilat daxilində  daha çox əlaqələndirilmiş fəaliyyət göstərmək niyyətində olduqlarını dedi. Ölkələrimiz arasında nəqliyyat dəhlizinin və azad iqtisadi zonanın daha da genişləndirilməsini, tərəfdaş dövlətlərlə müsbət dinamikanın gücləndirilməsini, model qanunların hazırlanıb qəbul olunmasını, yeni layihələr üzrə təşəbbüskarlığın artırılmasını diqqətdə saxlayacaqlarını bəyan etdi.
 Yekunda Elton Məmmədov GUAM Parlament Assambleyasının beşinci iclasının bağlandığını elan etdi.
***
Sonra GUAM Parlament Assambleyasının beşinci iclasının yekunlarına dair mətbuat konfransı keçirildi.
Mətbuat konfransını Milli Məclisin mətbuat katibi Akif Nəsirov açdı. Azərbaycanın ev sahibliyi etdiyi bu böyük tədbirin əhəmiyyətini vurğuladı.
Tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri və GUAM-ın Baş katibi jurnalistləri maraqlandıran suallara ətraflı cavab verdilər. Vurğulandı ki, qurum genişlənmə üçün açıq təşkilatdır. GUAM beynəlxalq əlaqələrinin genişlənməsində maraqlıdır. 

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU