MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
10 yanvar 2013 | 05:01   
Paylaşın:        

Yanvarın 10-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatları Konqresinin Texas ştatından seçilmiş üzvü Henri Roberto Cuellar ilə görüşdü.
Qonağı salamlayan Ziyafət Əsgərov bildirdi ki, Azərbaycan 1990-cı illərin əvvəllərində ikinci dəfə müstəqillik qazandıqdan sonra diplomatik münasibətlər yaratdığı ilk ölkələrdən biri də ABŞ-dır. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman ABŞ ölkəmizə xüsusi dəstək vermişdir. Bu gün də Azərbaycan  Amerika Birləşmiş Ştatları ilə əlaqələrin möhkəmləndirilməsində maraqlıdır və ikitərəfli münasibətlər daim inkişafdadır. Vitse-spiker ölkələrimizin mövcud siyasi, iqtisadi və mədəni əlaqələrindən söz açdı. Bildirdi ki, Ermənistanın işğalçılıq siyasətindən və törətdiyi terror hadisələrindən əziyyət çəkən ölkəmiz beynəlxalq terrorizmə qarşı mübarizədə ilk gündən  ABŞ-ın yanında olub. Azərbaycan NATO qüvvələri tərkibində beynəlxalq sülhyaratma və antiterror əməliyyatlarında fəal iştirak edir.
Ziyafət Əsgərov qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verdi. Bildirdi ki, bir sıra beynəlxalq təşkilatlar Ermənistanı işğalçı ölkə kimi tanısalar da, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam edir.
Konqresmen Henri Roberto Cuellar ölkəmizin onda yüksək təəssürat  yaratdığını, bu ilin aprelində bir  qrup konqresmenlə birlikdə yenidən Azərbaycana səfər planlaşdırdıqlarını dedi. Qonaq ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının daha da genişləndirilməsi üçün yaxşı imkanları olduğunu və bundan istifadənin faydalı olacağını söylədi.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı. 

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU