MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
18 yanvar 2013 | 05:01   
Paylaşın:        

Yanvarın 18-də  Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Koreya Respublikası Milli Assambleyasının nümayəndə heyəti ilə görüşdü.
Görüş zamanı vitse-spiker Valeh Ələsgərov ölkələrimiz arasındakı çoxşaxəli əlaqələrdən söz açdı. Qeyd etdi ki, siyasi, ictimai, iqtisadi və mədəniyyət sahələrində uğurla inkişaf edən Azərbaycan-Koreya münasibətləri ildən-ilə yeni vüsət alır. Əminəm ki, gələcəkdə parlamentlərarası əlaqələrimiz daha da genişlənəcək.
Qonaqlara Azərbaycanın son 10 ildə keçdiyi yol, qazandığı nailiyyətlər, iqtisadi uğurlarımız, qeyri-neft sektorundakı yüksəliş, ölkədə kiçik və orta sahibkarlığın inkişafı, aparılan islahatlar, o cümlədən  qanunvericilik və idarəetmə sahələrindəki islahatların nəticələri barədə ətraflı məlumat verən Valeh Ələsgərov Dağlıq Qarabağ münaqişəsindən də geniş söhbət açdı.
Görüşdə nümayəndə heyətinin rəhbəri, Koreya Respublikası Milli Assambleyasının üzvü Co Ho Younq dedi ki, Azərbaycanın dünyada məşhur olan neft yataqları barədə hələ məktəbdə ikən oxumuşam və o zamandan məndə bu ölkəni gəzməyə-görməyə maraq yaranıb. Səfər zamanı Azərbaycanda böyük inkişafın şahidi olduq. Bakıda keçirilən beynəlxalq səviyyəli tədbirlərdən danışan qonaq “Eurovision-2012” mahnı müsabiqəsindən və 2015-ci ildə keçiriləcək I Avropa Olimpiya Oyunlarından məmnunluqla söz açdı. Bütün bunları Azərbaycanın dünya miqyasında artan nüfuzunun göstəricisi kimi dəyərləndirdi. Koreya-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi vacibliyini vurğulayan Co Ho Younq əməkdaşlıq əlaqələrimizin perspektivlərindən bəhs etdi.
Sonra nümayəndə heyətinin  digər üzvləri fikirlərini bildirdilər. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə toxunuldu.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU