AZƏRBAYCAN – KOREYA ƏLAQƏLƏRİ GÜNBƏGÜN MÖHKƏMLƏNİR

XƏBƏRLƏR
18 yanvar 2013 | 05:01   
Paylaşın:        

Yanvarın 18-də Milli Məclisin Azərbaycan – Koreya  parlamentlərarası əlaqələr üzrə işçi  qrupu  üzvlərinin  ölkəmizdə  səfərdə olan   Koreya  Respublikası Milli Assambleyasının  üzvü  Co Ho Younqun başçılıq etdiyi  nümayəndə heyəti  ilə  görüşü oldu. 
Qonaqları  salamlayan  qrupun rəhbəri,  Milli Məclisin deputatı Malik Həsənov  xalqlarımız  arasında  tarixən  mövcud olan dostluq  əlaqələrindən söhbət  açdı. Bildirildi ki, Koreya ilə  münasibətlər gündən-günə inkişaf edir və indiyədək ölkələrimiz arasında 46 sənəd imzalanıb. Malik Həsənov xüsusən müasir texnologiyaların  istehsalında bu ölkənin sürətli inkişafının Azərbaycanda diqqətlə izlənilməsindən və təqdir  edildiyindən söz açdı. Bildirildi ki, hər iki ölkə zəngin təbii sərvətlərə  malikdir və əməkdaşlığın  daha  da genişlənməsi üçün yaxşı baza  var.  Dostluq qruplarının fəaliyyətinin parlamentlər arasındakı münasibətlərin inkişafına müsbət təsir göstərdiyi  qeyd  edildi. 
İşçi  qrupun  rəhbəri daha  sonra  Azərbaycanın ən ağrılı problemi olan  Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara  ətraflı məlumat  verdi. Bildirildi ki,  bu münaqişə regionda sülh  və  sabitliyi  ciddi  təhdid altında  saxlayır. 
Səmimi görüş  və yüksək qonaqpərvərlik üçün  minnətdarlığını bildirən Co Ho Younq bu səfərin Azərbaycanla yaxından tanış olmalarına yaxşı imkan yaratdığını söylədi. Bildirildi ki, Azərbaycan təkcə daxildə deyil, həm də beynəlxalq aləmdə inkişaf edən ölkədir və bu onları sevindirir. Qonaq ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən məmnunluqla  söz  açdı və ölkələrimiz arasında gələcəkdə yeni sahələr üzrə təcrübə mübadiləsini genişləndirmək üçün yaxşı imkanlar olduğunu vurğuladı.
Görüşdə müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıldı.


Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU