REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
28 yanvar 2013 | 09:01   
Paylaşın:        

Yanvarın 25-də Milli Məclisin Regional məsələlər Komitəsinin 2013-cü ildə ilk iclası keçirildi.
Komitə sədri Arif  Rəhimzadə iclası açaraq yeni ilin və yaz sessiyasının  başlanması  münasibəti ilə komitə  üzvlərini təbrik etdi. Sonra o, 2012-ci ilin  payız  sessiyası  dövründə görülən işlər barəsində  məlumat verdi. Arif Rəhimzadə bildirdi ki, 2012-ci ilin payız sessiyası dövründə komitənin 7 iclası keçirilmiş, 12 məsələ müzakirə olunmuş, 10 qanun layihəsi Milli Məclisin iclasına tövsiyə edilərək qəbul olunmuşdur. Bu dövrdə komitənin ünvanına daxil olmuş 170 məktub, təklif, ərizə və şikayətə müvafiq qaydada baxılmış, onlardan 79-u araşdırılması üçün müvafiq təşkilatlara göndərilmişdir. Komitə üzvləri tərəfindən 500-ə yaxın vətəndaş qəbul edilmişdir.
Sonra 2013-cü ilin yaz  sessiyası  üçün iş planı barədə məlumat verən komitə sədri diqqətə çatdırdı ki, yaz sessiyasında komitədə “Bələdiyyələrin hesabatları haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq, Torpaq Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında və bir sıra digər qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılacaq.
Sonra çıxış edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini komitə üzvlərinə təqdim etdi. Bildirdi ki, ölkəmizin inkişaf prosesində bələdiyyələr də yaxından iştirak edirlər. Onların səmərəli fəaliyyət göstərmələri üçün bu sahəyə dair qanunvericiliyin mütəmadi olaraq təkmilləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Mehdi Səlimzadə diqqətə  çatdırdı ki, 2012-ci ildə də bələdiyyələrin fəaliyyətinə dair maarifləndirmə tədbirləri davam etdirilmiş, onların sayı daha da artırılmışdır. Bildirdi ki, 2012-ci ildə bu sahədə 75 seminar, müşavirə və tədris kursları keçirilmiş, maarifləndirmə işi gücləndirilmişdir. Bu tədbirlərin nəticəsi olaraq Bələdiyyələrlə İş Mərkəzinə daxil olan müraciətlərin sayı ötən illə müqayisədə xeyli azalmışdır.
 Müzakirələr zamanı deputatların və mütəxəssislərin fikirləri dinlənildikdən sonra gündəlikdəki hər üç məsələ parlamentin  plenar  iclasında müzakirəyə tövsiyə olundu.

                                                                      

   Milli Məclisin
Mətbuat  xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU