SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

XƏBƏRLƏR
28 yanvar 2013 | 09:01   
Paylaşın:        

Yanvarın 25-də Milli Məclisin Sosial siyasət komitəsinin 2013-cü ilin yaz  sessiyasında ilk iclası keçirildi. Əvvəlcə komitə sədri Hadi Rəcəbli  payız sessiyası  zamanı görülən işlər  barədə məlumat verdi.  Bildirildi ki, ötən dövrdə komitə olduqca məhsuldar işləmiş, ölkədə sosial  müdafiənin  inkişafında  xüsusi  əhəmiyyəti olan bir sıra qanunlar işlənib hazırlanmışdır.
Sonra komitə sədri yaz sessiyasının qanunvericilik işləri planı barədə  söhbət açdı. Bildirildi ki,  sessiya  dövründə bu gün müzakirəyə təqdim edilən “Uşaqların icbari dispanserizasiyası haqqında” və “Uşaqların sağlamlaşdırılması və istirahətinin təşkili haqqında” qanun layihələri işlənib Milli Məclisin müzakirəsinə veriləcək. Hadi Rəcəbli sessiya ərzində  komitədə “Sosial  sifariş”, “Sosial ipoteka” və “Gənc  ailələrin  sosial müdafiəsi haqqında” qanun layihələrinin  hazırlanacağını  bildirdi. Eyni zamanda, Ailə Məcəlləsi,  “Valideyn  himayəsindən  məhrum olunmuş  uşaqların sosial müdafiəsi”, “Əhalinin sağlamlığının qorunması” haqqında  qanun layihələrinə bəzi zəruri  əlavə  və dəyişikliklər edilməsinin nəzərdə  tutulduğunu dedi.  
Sonra  komitədə “Uşaqların icbari  dispanserizasiyası haqqında”   qanun layihəsi  müzakirə  olundu.  Bildirildi ki, bu sənəd ölkə  Konstitusiyasının müvafiq  bəndinə uyğun olaraq uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinin hüquqi-təşkilati əsaslarını müəyyən edəcək, uşaqlar  arasında yayılan xəstəliklərin profilaktikası və müalicəsi sahəsində yaranan  münasibətləri tənzimləyəcək. Hadi Rəcəbli dispanserizasiyanın əsas məqsədi haqqında danışdı, uşaqların sağlamlığına yönəlmiş  tədbirlərin həyata  keçirilməsi,   sağlamlıq  imkanlarının məhdudluğu və  uşaq ölümü  səviyyəsinin azaldılması  sahəsində  sənədin əhəmiyyətli olacağını vurğuladı.
İclasda komitə üzvləri Musa Quliyev, Əhliman Əmiraslanov, Hikmət Atayev, İlham Məmmədov, Rauf Əliyev, Sədaqət  Vəliyeva, parlament Aparatının  Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova və digər  mütəxəssislər çıxış edərək qanun layihəsində nəzərdə tutulan dispanserizasiyanın təşkili, həyata  keçirilməsi,  bununla  əlaqədar dövlət təminatı, uşaqların qeydiyyat prinsipləri, bu sahədə maarifləndirmə işinin təşviqi, dispanserizasiya olunan uşaqların hüquqları, onların qəyyumlarının  vəzifələri barədə  fikirlərini bildirdilər.  
Sonra komitə üzvləri sənədin Milli Məclisin plenar iclasının  müzakirəsinə çıxarılmasını   qərara aldılar.

                                                                                 Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU