MİLLİ MƏCLİSDƏ MƏTBUAT KONFRANSI

XƏBƏRLƏR
28 yanvar 2013 | 09:01   
Paylaşın:        

Yanvarın 26-da Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və nümayəndə heyəti rəhbərinin müavini, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  Milli Məclisdə AŞPA-nın qış sessiyasının yekunlarına dair mətbuat konfransı keçirdilər. Mətbuat konfransını Milli Məclisin mətbuat katibi Akif Nəsirov aparırdı.
Sessiyada Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatının qəbul olunmamasından danışan Səməd Seyidov bildirdi ki, bu uğur ilk növbədə Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin uğurudur. O, qeyd etdi ki, AŞPA-nın son qış sessiyasından əvvəlki dövrdə Rusiya, Ukrayna, Moldova, Fransa, Böyük Britaniya, İtaliya və bir sıra digər ölkələrin parlamentlərində Azərbaycanın mövqeyinin çatdırılması ilə bağlı müxtəlif səviyyələrində aparılan müzakirələr sessiya çərçivəsində öz nəticəsini verdi. Bu, sessiya çərçivəsində Azərbaycana təsir göstərmək üçün insan haqları, demokratiya kimi ali dəyərlərdən sui-istifadə etməyə cəhd idi. Lakin bu hiyləgər cəhd uğur qazanmadı. AŞPA-da müzakirələr bir daha göstərdi ki, Azərbaycana qarşı bu kimi cəhdlər artıq Avropanın özünə təhlükə yaradır, buna görə də, Avropa tərəfindən rədd olunur. Eyni zamanda, Avropa Şurası bu sessiyada sübut etdi ki, Azərbaycanla konstruktiv əməkdaşlığa hazırdır.
Mətbuat konfransında çıxış edən Əli Hüseynli diqqətə çatdırdı ki, 
AŞPA-nın qış sessiyası çərçivəsində Ermənistanda hərbi xidmətdən imtina edən “Yehova şahidləri” dini təriqətinin üzvlərinin həbsdə olması məsələsi konkret faktlarla Azərbaycan tərəfindən qaldırıldı. Bu məsələ Cənubi Qafqaz üzrə məruzəçi Kristofer Ştrasserin və digər anti-Azərbaycan qüvvələrin nəzərinə çatdırıldı. Təqdim edilən faktlar arasında ümumilikdə hərbi xidmətdən imtinaya görə Ermənistanda hazırda 60 gəncin həbsdə olması faktı da var. Ştrasser isə buna cavab olaraq bildirdi ki, “mən bu məsələyə baxmıram”. Hərçənd Ermənistandakı məsələlər də onun səlahiyyətindədir.
Əli Hüseynli onu da diqqətə çatdırdı ki, Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasını, 1 milyondan çox qaçqın və məcburi köçkünün varlığını diqqətə çatdırarkən Ermənistan nümayəndə heyəti bu rəqəmin düzgün olmadığını bildirdi. Onlar özləri də bilmədən etirafa yol verdilər və dedilər ki, Azərbaycanın 20 faiz deyil, 14 faiz ərazisi işğal olunub və 1 milyon deyil, 700 min azərbaycanlı qaçqın Dağlıq Qarabağ və ətraf rayonlardan didərgin düşüb. Aqramunt isə dərhal onlara cavab olaraq bunun rəsmi etiraf olduğunu və həqiqətən də Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini sessiya iştirakçılarının diqqətinə çatdırdı. Bu, erməniləri və ermənipərəst AŞPA üzvlərini pis vəziyyətdə qoydu.
Mətbuat konfransında Səməd Seyidovun və Əli Hüseynlinin fikirləri dinlənildikdən sonra jurnalistləri maraqlandıran suallara cavab verildi.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU