İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

XƏBƏRLƏR
01 fevral 2013 | 05:02   
Paylaşın:        

Yanvarın 31-də Milli Məclisin  İqtisadi  siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirildi. İslası açan komitə sədri Ziyad Səmədzadə  payız sessiyası  zamanı görülən işlər  barədə məlumat verdi. O,  qeyd  etdi ki, rəhbəri olduğu komitə ötən dövrdə səmərəli işləyib  və sessiyanın  iş planı bütövlüklə  yerinə yetirilib.
Komitə sədri  yaz sessiyasının qanunvericilik işləri planı barədə geniş  söhbət  açaraq  dedi ki, qarşıdakı sessiya  məhsuldar iş qrafiki ilə seçilir. Azərbaycanın iqtisadi inkişafı üçün zəruri olan, qəbul ediləcəyi təqdirdə rəqabət sahəsində ciddi yeniliklərə səbəb olacaq Rəqabət  Məcəlləsi işlər  planına  daxil edilib. Bildirildi ki,  layihənin sonuncu variantının hazırlanması üçün komitə  üzvləri, iqtisadçı alim və ekspertlərin iştirakı ilə yeni işçi qrupu  yaradılıb. Bu sənədin qəbulu ölkənin milli iqtisadi strategiyasının, sağlam sahibkarlığın, düzgün rəqabət  mühitinin  inkişafı və orta  təbəqənin  tam formalaşdırılması  üçün  böyük əhəmiyyət  kəsb edəcək.
Ziyad Səmədzadə  sonra qeyd etdi ki, sessiya müddətində  bununla  yanaşı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunun qəbulu da  nəzərdə  tutulur. Yeni hazırlanan  bu qanun layihəsinin qəbulu isə Azərbaycan bazarının keyfiyyətli məhsulla təmin olunmasına, istehlakçıların hüquqlarının qorunmasına təkan verəcək. Bu gün ölkədə reklam bazarında olan boşluqlar isə “Reklam haqqında” yeni sənədin  hazırlanması zərurətini yaradıb. Qeyd olundu ki, ötən sessiyada hazırlanan “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi ilə  bağlı iş aparılır. Layihə ilə əlaqədar müvafiq təşkilatlardan təkliflər alınıb. Bu təkliflər araşdırıldıqdan sonra sənəd yenidən müzakirə olunacaq. Millət vəkilləri  Çingiz  Əsədullayev, İlham Əliyev,  Vahid Əhmədov, Əli Məsimli  çıxışlarında qanun yaradıcılığı ilə bağlı bir sıra maraqlı təkliflər səsləndirdilər. Müzakirələrdən sonra komitənin payız sessiyasında fəaliyyəti qənaətbəxş hesab olundu, 2013-ci il yaz sessiyası üçün işlər planı təsdiq edildi.
İclasda Azərbaycan tərəfindən ötən il sentyabrın 28-də Bakıda imzalanan “İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankı haqqında” Saziş layihəsinin təsdiq olunması məsələsinə də baxıldı və  sənədin Milli Məclisin  plenar  sessiyasının  müzakirəsinə  çıxarılması qərara alındı.


Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU