MİLLİ MƏCLİSİN YAZ SESSİYASI ÖZ İŞİNƏ BAŞLADI

XƏBƏRLƏR
04 fevral 2013 | 10:02   
Paylaşın:        

Fevralın 1-də Milli Məclisin 2013-cü il yaz sessiyası öz işinə başladı. Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanın ilk iclasını açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra Milli Məclisin Sədri yaz sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi, onlara qanunvericilik fəaliyyətində uğurlar arzuladı.
Parlamentin sədri bildirdi ki, sessiyalar arasındakı dövrdə Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçirilmişdir. Sessiyada anti-Azərbaycan qüvvələr tərəfindən “Azərbaycanda siyasi məhbuslar” adlı məruzə təqdim edilmişdi. Əminliklə demək istəyirəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli daxili və xarici siyasəti bu dəfə də onlara öz məqsədlərinə nail olmağa imkan verməmiş və bu məruzə AŞPA tərəfindən rədd edilmişdir. Bu münasibətlə mən Milli Məclis adından möhtərəm Prezidentimizə minnətdarlığımı bildirirəm. Eyni zamanda, nümayəndə heyətimizə fəal və məhsuldar işinə görə təşəkkür edirəm.
Sədr diqqətə çatdırdı ki, yaz sessiyasında deputatları gərgin və maraqlı iş gözləyir. Bu sessiyada digər qanun layihələri ilə yanaşı, Konstitusiyanın və qanunların tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatı dinləniləcək, 2012-ci ilin dövlət büdcəsinin icrası haqqında məsələ parlamentin müzakirəsinə çıxarılacaqdır.
Yaz sessiyasının iclaslarında Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin və Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun illik məruzələri də dinləniləcəkdir. 
Milli Məclisin Sədri çıxışının sonunda parlamentin yaz sessiyasının da yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə etdi.
Gündəliyin təsdiqindən sonra deputatlar onları narahat edən müxtəlif məsələlər barədə fikirlərini bildirdilər. Əsasən yazıçı Əkrəm Əylislinin Moskvada “Drujba narodov” jurnalında çapdan çıxmış yeni romanı tənqid olundu və qeyd edildi ki, bu dırnaqarası əsər Azərbaycanın xaricdə böyük zəhmət nəticəsində formalaşdırılmış müsbət imicinə zərbə vurur.
İclasda Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olundu.
Sonra Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti rəhbərinin müavini, Milli Məclisin komitə sədri Əli Hüseynli AŞPA-nın qış sessiyasında görülən işlər barədə deputatlara ətraflı məlumat verdi. Əli Hüseynli diqqətə çatdırdı ki, avropalı deputatlar   Ştrasserin hazırladığı “Azərbaycanda siyasi məhbuslar” adlı məruzənin Avropa üçün də nə qədər təhlükəli olduğunu başa düşürdülər və buna görə də onun əleyhinə çıxdılar. Bu məruzənin qəbul olunmaması Azərbaycan dövlətinin nə qədər güclü olduğunu bir daha göstərdi.
İclasda Milli Məclisin 2013-cü il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə edildi. Deputatların qanunvericilik işləri planı ilə bağlı rəy və təklifləri dinlənildikdən sonra sənəd təsdiqləndi.
Yaz sessiyasının ilk iclasında “Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Saziş və “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyanın Əlavə Protokoluna qoşulmaq barədə məsələ də səsə qoyularaq təsdiqləndi. Məlumat verildi ki, bu beynəlxalq sənədlər ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına xidmət edir.
Bundan başqa, iclasda İnzibati Xətalar Məcəlləsinə, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Seleksiya nailiyyətləri haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” və “Patent haqqında” qanunlara dəyişikliklər etdilər. Bildirildi ki, bu dəyişikliklər qanunlarımızı daha da təkmilləşdirəcəkdir.
Bununla da Milli Məclisin yaz sessiyasının ilk iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU