HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
08 fevral 2013 | 09:02   
Paylaşın:        

Fevralın 6-da  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Əli Hüseynli bildirdi ki, bu gün “İctimai iştirakçılıq haqqında” qanun layihəsi müzakirə olunacaq. Əli Hüseynli yeni layihənin vətəndaşın dövlətin idarə olunmasında iştirak hüququnu təmin etdiyini diqqətə çatdırdı.  Sənəd vətəndaşların icra hakimiyyəti və yerli özünüidarə orqanlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirməsinə, onlarla səmərəli qarşılıqlı fəaliyyəti təmin etməyə, bu qurumların fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasına yönəlib. Komitə sədri vurğuladı ki, bu günə qədər dövlətin idarə olunmasında ictimai iştirakçılıq olsa da, bunun konkret mexanizmi yox idi.
Layihə ilə bağlı ətraflı məlumat verən Azay Quliyev  qeyd  etdi ki, sənəd  üçün Maliyyə Nazirliyi də daxil olmaqla bütün müvafiq qurumların rəyi alınıb. 4 fəsil 19 maddədən ibarət yeni qanunda ictimai iştirakçılığın təşkilati-hüquqi formaları təsbit olunub. Bunlar İctimai Şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi və ictimai ekspertizadır. Sənəddə o da göstərilir ki, qanunvericilikdə ictimai iştirakçılığın digər təşkilati-hüquqi formaları da müəyyən edilə bilər. Burada İctimai Şura müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur, səlahiyyət müddəti isə 3 ildən bir yenilənir. İctimai Şura 15-21 üzvdən ibarət tərkibdə bu qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutu tərəfindən seçilir. 18 yaşına çatmış, seçki hüququna malik hər bir vətəndaş İctimai Şuranın üzvü ola bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əmək haqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. İctimai Şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əmək haqları və başqa ödənişlər saxlanılır.
 Layihəni konseptual baxımdan dəstəkləyən komitə üzvləri İctimai Şura sədrinin səlahiyyət müddətinin 3 il olmasının çox olduğunu dedilər və bu müddətin 2 ilə endirilməsini təklif etdilər. Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Sonra iclasda “Dini etiqad azadlığı”, “Qrant haqqında” və “Qeyri-hökumət təşkilatları(ictimai birliklər və fondlar) haqqında” qanunlarda dəyişikliklər edilməsi ilə bağlı sənədlərə baxıldı. Bununla bağlı komitə üzvü Çingiz Qənizadə məlumat verdi.  O, bildirdi ki, “Dini etiqad azadlığı haqqında” qanuna edilən  əlavəyə əsasən, dini qurum qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə, vəd verə bilməz. Dini quruma ianə verən şəxs verdiyi və verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa yaxud dolayı yolla maddi nemət, imtiyaz, güzəşt qəbul edə bilməz, təklifə razılıq verə bilməz.  Deputatın sözlərinə görə, qanuna edilən dəyişikliklər çirkli pulların yuyulmasının, xarici missioner təşkilatların çirkin niyyətlərinin qarşısının alınmasına xidmət edəcək.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə görə, qrant alan şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilən müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər üçün isə 5 min manatdan 7 min manata qədər miqdarda cərimə olunacaqlar. Məcəlləyə əlavələrdə həmçinin qeyd olunur ki, qrant müqaviləsi olmadan fəaliyyət göstərən dini qurumlar, QHT-lər, o cümlədən xarici QHT-lərin nümayəndəlikləri tərəfindən yardımın qəbul edilməsinə görə, vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər 2500-dən 5000 manatadək, hüquqi şəxslər 8000-dən 15 min manatadək miqdarda cərimə edilir. Müzakirələr zamanı deputatlar tətbiq olunan cərimələrin daha da sərtləşdirilməsini təklif etdilər və bu sənədlər Milli Məclisin plenar iclasına tövsiyyə olundu.
Gündəlikdəki sonuncu məsələ - Cinayət Məcəlləsinə əlavə edilməsi haqqında qanun layihəsi ilə bağlı Əli Hüseynli diqqətə çatdırdı ki, bu əlavə İnsan hüquqları komitəsinin üzvü İlyas İsmayılov tərəfindən irəli sürülüb. Layihə vəzifəli şəxslərin qanuna zidd olaraq bizneslə məşğul olmalarına görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Bununla bağlı həmin şəxslərə qarşı 6 aydan 2 ilə qədər azadlığın məhdudlaşdırılması cəzası da təklif olunur.
 Müzakirələr zamanı deputatlar bildirdilər ki, istənilən vəzifəli şəxs əgər vəzifəsindən sui-istifadə etmirsə, dövlət büdcəsinə qanuni gəlir gətirirsə, onun bizneslə məşğul olması ciddi cinayət faktı törətmir. Yox, əgər o, vəzifəsindən sui-istifadə edirsə, qüvvədə olan qanunvericiliklə inzibati məsuliyyət tətbiq edilir. Komitə sədri dedi  ki, vəzifəli şəxslərin bizneslə məşğul olması barədə yaranan problemlərlə əlaqədar yeni qanun hazırlanır. Ona görə də Cinayət Məcəlləsinə əlavə maddə salınmasına zərurət yoxdur.
 Müzakirələrdən sonra deputatlar Cinayət Məcəlləsinə edilən əlavəni məqbul hesab etmədilər və sənəd geri qaytarıldı.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU