MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

XƏBƏRLƏR
19 fevral 2013 | 09:02   
Paylaşın:        

Fevralın 13-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi. Komitənin sədri Nizami Cəfərov bildirdi ki,  payız sessiyası dövründə Mədəniyyət komitəsinin 5 iclası keçirilmişdir. Bu iclaslarda Azərbaycanın mədəniyyətinin, mədəni əlaqələrinin inkişafına xidmət edən 8 qanun layihəsi və beynəlxalq sənəd müzakirə edilərək  parlamentin plenar iclaslarında müzakirəyə təqdim olunmuşdur.
Komitə sədri məlumat verdi ki, payız sessiyasında komitəyə vətəndaşlardan, ayrı-ayrı idarə və təşkilatlardan 137 məktub, ərizə və təklif daxil olmuşdur. Bu sənədlərin hər biri qanuna müvafiq şəkildə araşdırılmış və müvafiq qərarlar qəbul olunmuşdur.
Mədəniyyət komitəsi cari ilin payız sessiyasında da məhsuldar işləyəcək, bir sıra vacib qanun layihələrini, o cümlədən “Memarlıq fəaliyyəti haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələrini  və beynəlxalq sənədləri müzakirəyə çıxaracaqdır.
İclasda, həmçinin “Azərbaycan Respublikası və İspaniya Krallığı arasında mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlıq haqqında” Saziş layihəsi də müzakirə olundu.
Bildirildi ki, 2012-ci il noyabrın 28-də Madrid şəhərində imzalanmış bu sənəd Azərbaycan ilə İspaniya arasında mədəni əlaqələrin inkişafına təkan verəcəkdir. Sənədin xalqımızın milli maraqlarına xidmət etdiyi xüsusi qeyd olunmuşdur.
Sonda komitənin payız sessiyasındakı fəaliyyəti qənaətbəxş hesab olundu, yaz sessiyası üçün qanunvericilik işləri planı təsdiqləndi.
İclasda saziş layihəsi də təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olundu.
   


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU