AZƏRBAYCAN – TÜRKİYƏ MÜNASİBƏTLƏRİ SARSILMAZ DOSTLUQ VƏ QARDAŞLIQ NÜMUNƏSİDİR

XƏBƏRLƏR
19 yanvar 2012 | 05:01   
Paylaşın:        

Yanvarın 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və  parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə  parlamentinin Azərbaycanla  dostluq qrupunun üzvləri ilə görüşdülər.
Qonaqları salamlayan komitənin sədri Səməd Seyidov  Azərbaycan  və türk xalqları arasındakı dostluq və qardaşlıq əlaqələrinin mənəvi  gücündən danışdı. Eyni soy-kökə, eyni dinə və  dilə  mənsub olduğumuzu  vurğuladı.  Qeyd  olundu ki,  ulu öndər  Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı bu gün xalqlarımız  arasında  dostluq  devizinə çevrilib.  Hər iki ölkə rəhbərliyinin siyasəti də bu qardaşlığın  günü-gündən  inkişafına xidmət edir. 
Səmimi görüş üçün təşəkkürünü bildirən Türkiyə parlamentində Azərbaycanla dostluq qrupunun sədri Nesdət Ünüvar  Azərbaycanda  özlərini evlərində olduğu kimi hiss etdiklərini bildirdi. Azərbaycana daha öncə 2003-cü ildə gəlmiş olduğunu deyən qonaq bu dəfəki gəlişində  müşahidə olunan  tərəqqidən,  şəhərdəki yenidənqurma və abadlıq işlərindən məmnunluğunu vurğuladı.  O, dedi: “Sevindirici haldır ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri sarsılmaz  dostluq və qardaşlığın bariz nümunəsidir.” Bu işdə dövlət başçılarının rolunu xüsusi  qeyd  edən qonaq  bu dostluğun bundan sonra  da dönməz və əbədi olacağına, günü-gündən  möhkəmlənəcəyinə əminliyini  ifadə etdi. Qonaq öz növbəsində böyük Atatürkün  “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri  kədərimizdir” ifadəsini  yada  saldı və qeyd  etdi ki, Türkiyə dövləti   bu qardaşlığın  qorunmasında  əlindən gələni heç vaxt əsirgəməyəcək. 
Görüşdə  qarşılıqlı maraq  doğuran  bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU