Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi

XƏBƏRLƏR
19 fevral 2013 | 09:02   
Paylaşın:        

Fevralın 15-də Milli Məclisin növbəti iclası keçirildi.
Mili Məclisin Sədri Oqtay Əsədov iclası açaraq gündəlikdəki qanun layihələri barədə deputatlara məlumat verdikdən sonra cari məsələlərə baxıldı. Deputatlar ölkəmizdə və respublikamızdan kənarda baş verən proseslərlə bağlı rəy və təkliflərini  bildirdilər. 
Deputatların qaldırdıqları məsələlərə münasibət bildirdikdən sonra Oqtay Əsədov diqqətə çatdırdı ki, hər il Milli Məclisin yaz sessiyasının ilk iclaslarının birində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilir. Bu iclasda da məruzə dinləniləcək və biz deputatlar yerli özünüidarəetmə orqanlarının fəaliyyəti ilə bağlı fikirlərimizi bildirməliyik.
Sonra ədliyyə nazirinin müavini Vilayət Zahirov “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” məlumat verdi. Nazir müavini dedi ki, dövlət müstəqilliyinin bərpasından ötən 21 il ərzində ölkəmizdə siyasi, sosial, iqtisadi sahələrlə yanaşı, yerli özünüidarəetmənin həyata keçirilməsi istiqamətində də önəmli nailiyyətlər əldə edilmişdir. Azərbaycan dövləti yerli demokratiyanın inkişaf etdirilməsi üçün möhkəm sosial və hüquqi baza yaratmışdır. 
Bildirildi ki, 2012-ci il ölkəmiz üçün uğurlu, yaddaqalan və əlamətdar olmuşdur. Respublikamızda yerli demokratiya və özünüidarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür.  Qeyd olundu ki, ötən il bələdiyyələrlə xeyli maarifləndirmə işləri aparılmışdır. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların maliyyə vəsaitlərindən səmərəli istifadə etmələrinə, yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin rolunun artırılmasına xüsusi diqqət yetirilmişdir.
Məlumat verildi ki, ötən il inzibati nəzarət qaydasında baxılması üçün ədliyyə orqanlarına 52370 bələdiyyə aktı qəbul olunmuşdur ki, bu da ötən illə müqayisədə 64 faiz çoxdur. Bunlardan 1532 aktın qanunazidd olduğu müəyyən edilmiş, onların qanunauyğunluğunun təmin edilməsi üçün bələdiyyələrə təkliflər göndərilmişdir.
Həyata keçirilmiş tədbirlər nəticəsində ötən il ərzində 8937,76 hektar torpaq sahəsinin qanunsuz verilməsi faktları müəyyən edilmiş və onların bələdiyyələrin mülkiyyətinə qaytarılması təmin olunmuşdur.
İnzibati nəzarətin həyata keçirilməsi nəticəsində 28 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilərək toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir.
Ötən il ərzində həyata keçirilən maarifçilik tədbirlərinə 6000-dən çox bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur ki, bu da ötən illə müqayisədə 16,8 faiz çoxdur. Həmçinin, bələdiyyələr üçün müxtəlif məsələlər üzrə 13 metodik vəsait hazırlanmışdır.
Nazir müavini bildirdi ki, ölkəmizdə bələdiyyələrin işinin daha da yaxşı təşkil edilməsi, inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi məqsədilə beynəlxalq təşkilatlarla əlaqələr genişləndirilmiş, o cümlədən Avropa Şurasının müvafiq qurumları, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, Türk Dünyası Bələdiyyələr Birliyi, respublikamızın dövlət və qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlıq fəaliyyəti davam etdirilmişdir. 
Sonra deputatlar çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşdülər, bələdiyyə institutunun fəaliyyətinin getdikcə daha da təkmilləşdiyini, hesabatın dolğun hazırlandığını vurğuladılar, gələcəkdə nəzərə alınması üçün bəzi təkliflər səsləndirdilər.
Sonda hesabat səsə qoyularaq qənaətbəxş hesab edildi.
Sonra iclasda İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Nizamnaməsi də səsə qoyularaq təsdiq edildi.
İclasda Ticarət Gəmiçiliyi və İnzibati Xətalar Məcəllələrində, həmçinin "Dövlət rüsumu haqqında", "Qrant haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" və "Dini etiqad azadlığı haqqında" qanunlara bir sıra dəyişikliklər edildi. Bildirildi ki, bu dəyişikliklər ölkə qanunvericiliyinin inkişafına xidmət edir.
Sonra deputatlar "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun layihəsini birinci oxunuşda müzakirə etdilər. Layihə barədə məlumat verən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, bu qanun ölkəmizdə uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinin təşkilati-hüquqi əsaslarını, uşaqlar arasında aparılan müalicə-profilaktika tədbirlərini müəyyən edəcək və bu sahədə yaranan münasibətləri tənzimləyəcəkdir.
Layihə barədə deputatların və mütəxəssislərin fikirləri dinlənildikdən sonra sənəd konseptual baxımdan səsə qoyularaq birinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti
 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU