ATƏT PA-nın 12-ci QIŞ SESSİYASINDA

XƏBƏRLƏR
19 fevral 2013 | 09:02   
Paylaşın:        

Milli Məclis Sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan parlamentinin nümayəndə heyəti ATƏT-in Parlament Assambleyasının 12-ci qış sessiyasında iştirak etmək üçün fevralın 20-də Avstriyanın Vyana şəhərinə səfərə yola düşəcək. Nümayəndə heyətinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, deputatlar Ağalar Vəliyev və Azay Quliyev daxildirlər. 
Sessiya çərçivəsində ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər, Təhlükəsizlik və siyasi məsələlər, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit üzrə Ümumi komitələrinin iclasları keçiriləcək. Həmin iclaslarda ATƏT-in sülh siyasətinə, ATƏT regionunda və həmsərhəd rayonlarda əməkdaşlıq məsələlərinə dair məruzələr dinləniləcək, kütləvi informasiya vasitələrinin – KİV-in azadlığı barədə diskussiyalar aparılacaq.
Üç komitənin birgə iclasında ATƏT PA-nın sədri Rikkardo Miliori aktual məsələlərə toxunacaq. ATƏT-in Baş Katibi Lamberto Zannyerin, qurumun milli azlıqların işləri üzrə Ali komissarı Knut Vollebekin, gender məsələləri üzrə ATƏT PA-nın Xüsusi nümayəndəsi Hedi Frayın  məruzələri dinləniləcək və fikir mübadiləsi aparılacaq.
İclasda “Suriya, Saxara və Şimali Afrikadakı böhranlı vəziyyətə cavab olaraq ATƏT ölkələrində tənzimləmənin mümkün variantları” mövzusunda xüsusi müzakirənin aparılması da nəzərdə tutulub.
Qurumun Daimi komitəsində isə seçkilərin müşahidəsinə, Xüsusi komitələrin və Xüsusi nümayəndələrin işlərinə həsr olunmuş məruzələr diqqət mərkəzində olacaq.
Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova və nümayəndə heyətimizin üzvləri qurumun bütün iclaslarında iştirak edəcək, komitələrdə müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət açıqlayacaq, rəy və təkliflərini bildirəcəklər.
Səfər fevralın 23-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU