AVROPADA XOCALI SOYQIRIMI ANILIR

XƏBƏRLƏR
21 fevral 2013 | 05:02   
Paylaşın:        

Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Avropanın bir sıra ölkələrində anma mərasimləri, müxtəlif tədbirlər və aksiyalar keçirilir. Milli Məclisin deputatları Qənirə Paşayeva və Rövşən Rzayev Almaniyadakı tədbirlərə qatılmaq üçün fevralın 21-də Berlin şəhərinə səfərə yola düşəcəklər.
Bu ölkədə Alman-Azərbaycan Forumu tərəfindən Bundestaqın nəzdində fəaliyyət göstərən Almaniya Parlament Cəmiyyətində Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş “Cənubi Qafqazda təhlükəsizlik və sabitlik, Almaniya-Azərbaycan münasibətlərinin perspektivləri” mövzusunda simpozium keçiriləcək. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi ilə Türk-Azərbaycan Birliyi isə Berlin, Frankfurt, Köln, Hamburq və Hannover şəhərlərində anma mərasimləri təşkil edəcək. “Azərbaycan Evi” Cəmiyyəti ilə Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti Berlində etiraz nümayişi, Bielefelddə yürüş-nümayiş, Drezdendə və Maqdeburqda təbliğat kampaniyaları  keçirməyi planlaşdırıb. Almaniyada təhsil alan tələbə soydaşlarımız isə ölkənin siyasi, elm və mədəniyyət dairələrinə Xocalı soyqırımı barədə məlumatların göndərilməsini təmin edəcək.
Tədbirlərdə deputatlarımız yaxından iştirak edəcək, alman ictimaiyyətinə Xocalı soyqırımı barədə ətraflı məlumat verəcək, Azərbaycan həqiqətlərinə dair sənədlər yayacaqlar. 2011-ci ildə Almaniyada ilk dəfə işıq üzü görmüş “Xocalı” kitabının müəllifi Rolf Kunş ilə görüşüb fikir mübadiləsi aparacaqlar. 
***
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev daha sonra Avstriyaya yola düşəcək. Deputatımız fevralın 27-dən martın 2-dək Vyana şəhərində səfərdə olacaq. Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə Azərbaycanın Avstriyadakı səfirliyinin təşkil etdiyi konfransa qatılacaq.

 


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU