PİRALLAHI BƏLƏDİYYƏSİ YARADILIR

XƏBƏRLƏR
04 mart 2013 | 10:03   
Paylaşın:        

Fevralın 28-də Milli Məclisin Regional məsələlər komitəsinin  iclası oldu. Komitənin sədri Arif Rəhimzadə öncə “Pirallahı rayonunun ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında” qanun layihəsi barədə məlumat verdi. Bildirildi ki, Bakının Pirallahı rayonunun Pirallahı qəsəbəsi Gürgən-Pirallahı bələdiyyəsinin əhatə etdiyi ərazi vahidləri tərkibindən ayrılır və həmin qəsəbəni əhatə edən Pirallahı bələdiyyəsi yaradılır.
Sonra iclasda “Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi təqdim olundu. Qeyd edildi ki, Masallı şəhərinin genişləndirilməsi məqsədilə şəhərin inzibati ərazi dairəsi tərkibindəki Dadva, Digah, İsgəndərli, Seybətin kəndləri, eyni zamanda Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Kosagül kəndi ləğv edilərək onların əraziləri bütövlükdə Masallı şəhərinin inzibati ərazisinə birləşdirilir. Həmçinin Masallı rayonunun Ərkivan qəsəbəsinin, Ağakişibəyli, Banbaşı, Babakücə, Sığdaş, Ninəlov, Öncəqala və Qodman kəndlərinin ərazisindən müəyyən hissə Masallı şəhərinin inzibati ərazisinə verilir.
Layihəyə görə, Masallı qəsəbəsi ləğv edilərək Mollahəsənli kəndinin inzibati ərazisinə birləşdirilir, Allahyarlı kəndi Ərkivan qəsəbə inzibati ərazi dairəsinin tərkibinə verilir, Öncəqala və Hüseynhacılı kəndlərindən ibarət Öncəqala kənd inzibati ərazi dairəsi yaradılır.  Ləğv edilən qəsəbə və kəndlərin adları Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılacaq, yeni yaradılanlar isə həmin reyestrə daxil ediləcək. Komitə sədri vurğuladı ki, bütün bu dəyişikliklər bölgələrdə gedən sosial-iqtisadi inkişafın daha yaxşı aparılmasına, əhalinin rifahının yüksəlməsinə xidmət edəcək.
Fikir mübadiləsində deputatlar Rüstəm Xəlilov və Fəzail İbrahimli hər iki qanunu müsbət dəyərləndirdilər. Komitə qanun layihələrini Milli Məclisin müzakirəsinə tövsiyə etdi.

 

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU