FRİTZ NEUGEBAUER: “Qarşılıqlı səfərlər əlaqələrin genişlənməsində mühüm rol oynayır”

XƏBƏRLƏR
06 mart 2013 | 04:03   
Paylaşın:        

Martın 6-da Milli Məclisin Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvləri ölkəmizdə səfərdə olan Avstriya Respublikasının Milli Şurasının ikinci prezidenti Fritz Neugebauerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları  salamlayan işçi qrupun rəhbəri, deputat Cavid Qurbanov bildirdi ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin qədim tarixi vardır. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni müstəvidə inkişaf edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin hələ 1990-cı illərin əvvəllərində Avstriyaya rəsmi səfəri əlaqələrimizin inkişafı üçün yeni imkanlar açmış oldu. Qarşılıqlı səfərlər, dövlət, hökumət başçıları, parlament rəhbərləri arasında keçirilmiş görüşlər, aparılan səmərəli danışıqlar əməkdaşlığımızın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. Cavid Qurbanov onu da qeyd etdi ki, Azərbaycan Milli Məclisi ikitərəfli əlaqələrin inkişafında maraqlıdır və elə bu məqsədlə Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. Sevindirici haldır ki, deputatlarımız bu gün beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edirlər. İnanırıq ki, belə qarşılıqlı səfərlər və bu cür görüşlər əlaqələrimizin daha da genişlənməsində və möhkəmlənməsində mühüm rol oynayacaqdır.
Səmimi görüş üçün məmnun olduğunu bildirən Fritz Neugebauer dedi ki, ötən müddətdə  Azərbaycanla Avstriya arasındakı əlaqələr xüsusən siyasi və iqtisadi sahələrdə inkişaf etmişdir. Bu işdə hər iki ölkənin parlamentlərinin də mühüm rolu olmuşdur. Azərbaycana səfərin əsas məqsədi ölkələrimiz arasında, xüsusən də parlamentlərimiz arasında əlaqələrin inkişafı ilə bağlı məsələhətləşmələr aparmaqdır. Qonaq qeyd etdi ki, Bakıya səfərimiz çərçivəsində biz bir neçə səmərəli görüşlər keçirmişik. İnanırıq ki, belə  görüşlər əməkdaşlığımızın daha da genişlənməsinə təkan verəcəkdir. 
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə hər iki ölkənin səfirləri Silvia Mayer-Kaybiç və Qalib İsrafilov iştirak  edirdilər.


Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU