MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
06 mart 2013 | 05:03   
Paylaşın:        

Martın 6-da Milli Məclis Sədrinin müavini Bahar xanım Muradova UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevard ilə görüşdü.
Bahar Muradova ölkəmizin UNİCEF-lə əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etdi. Bildirdi ki, Milli Məclis UNİCEF-lə münasibətlərinə xüsusi önəm verir. Bu təşkilatın xətti ilə Azərbaycanda bir sıra maraqlı layihələr uğurla həyata keçirilmiş və bu sahədə işlər davam etdirilir. Qeyd olundu ki, Azərbaycanda xüsusilə səhiyyə, uşaqların təhsili, onların sağlamlığının və hüquqlarının qorunması sahələrində bir sıra uğurlu layihələr həyata keçirilmişdir.  Bahar Muradova bu təşkilatla Azərbaycanın qarşılıqlı əməkdaşlığının gələcəkdə hər iki tərəfə daha əhəmiyyətli töhfələr verəcəyinə əminliyini ifadə etdi.
Səmimi sözlər üçün təşəkkürünü bildirən Mark Herevard diqqətə çatdırdı ki, UNİCEF əməkdaşlıq etdiyi ölkələrdə parlament qurumlarına xüsusi önəm verir və onlarla sıx əməkdaşlıq edir. Söhbət zamanı qonaq 2013-cü ildə UNİCEF-in Azərbaycan nümayəndəliyinin fəaliyyətinin 20 illiyi münasibətilə silsilə tədbirlər keçirmək istədiklərini diqqətə çatdırdı. Bildirdi ki, bu tədbirlərin parlamentə aid hissəsinin aprelin ikinci ongünlüyündə keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd olundu ki, bu tədbirlərin keçirilməsində məqsəd UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində 20 ildə görülən işləri nəzərdən keçirmək və növbəti illərdə birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.
Söhbət zamanı görüşdə iştirak edən Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli yaxın gələcəkdə sosial sahədə qəbul olunması nəzərdə tutulan qanun layihələri barədə məlumat verdi.
Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU