Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatı dinlənildi

XƏBƏRLƏR
18 mart 2013 | 05:03   
Paylaşın:        

Martın 15-də Milli Məclisin növbəti iclası keçirildi. İclasda Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənildi.
Hökumətin hesabatı kitab şəklində çap olunaraq deputatlara paylanılmışdı.
Milli Məclisin Sədri Oqtay Əsədov iclası açdıqdan sonra bu günlərdə faciəli şəkildə dünyasını dəyişmiş deputat Hikmət Atayevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Oqtay Əsədov çıxış edərək bildirdi ki, bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti 2012-ci ildə fəaliyyəti barədə hesabat verir.
 Sədr diqqətə çatdırdı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında baş verən dinamik dəyişikliklər Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi hesabatda dəqiq əksini tapmışdır. Dünya iqtisadiyyatında tənəzzülün davam etməsinə baxmayaraq ölkəmiz yüksək makroiqtisadi göstəricilər əldə etmiş, regionda həyata keçirilən transmilli layihələrdə aparıcı rol oynamış, dövlət proqramlarını uğurla icra etmişdir.
 Burada ən önəmli cəhət ümumi daxili məhsul istehsalında 2,2 faiz,  qeyri-neft sektorunda isə 9,7 faiz  artımın əldə edilməsidir. Bu o deməkdir ki, adambaşına ümumi daxili məhsulun həcmi 7,5 min dollara çatmışdır.
Sədr bildirdi ki, Azərbaycanın 2012-ci ildəki uğurları beynəlxalq maliyyə qurumları və reytinq agentlikləri tərəfindən yüksək dəyərləndirilmişdir. Bu, dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən ölkəmizin nüfuzunu bir daha göstərir. 
Ötən il sahibkarlığın inkişafı, qeyri-neft sektoruna investisiya qoyuluşları üçün əlverişli şərait yaradılması, qabaqcıl texnologiyaların tətbiqi yolu ilə dünya bazarlarına rəqabət qabiliyyətli məhsulların çıxarılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan amili potensialından daha dolğun istifadə olunması Hökumətin fəaliyyətinin üstün istiqamətlərini təşkil etmişdir.
 Sədr qeyd etdi ki, Nazirlər Kabineti neft gəlirlərini və onlardan istifadənin şəffaflığını diqqət mərkəzində saxlamışdır. Neft Fondunun gəlirləri 14,3 faiz artaraq, 2013-cü il yanvarın 1-i üçün 34 milyard dollardan çox olmuşdur. Bu vəsaitlərin müəyyən hissəsi beynəlxalq əhəmiyyətli və ölkə miqyaslı infrastruktur layihələrinin, o cümlədən  Bakı-Tbilisi-Qars dəmir yolu və Samur-Abşeron kanalının yenidən qurulması layihələrinin  maliyyələşdirilməsinə yönəldilmişdir.
Biznes üçün yaradılan mühit böyük məbləğdə sərmayələrin əsas kapitala yönəldilməsini stimullaşdırmışdır. Ötən il ölkə iqtisadiyyatına 20,3 milyard manat (25,8 milyard dollar) investisiya yatırılmışdır. Bu, böyük rəqəmdir. Müqayisə üçün deyim ki, həmin məbləğ ötən ilin ümumi dövlət büdcəsinin xərclərini 3 milyard manatdan çox üstələyir.
Ötən il Hökumətin fəaliyyətində önəmli məqamlardan biri də geniş miqyaslı sənaye parklarının yaradılmasıdır. Bu işin davamı olaraq və onu sürətləndirmək məqsədi ilə Hökumət cari ildən əlverişli vergi güzəştlərinin tətbiqinə başlamış, işə cəlb olunan şirkətləri 7 il müddətinə əsas vergilərdən azad etmişdir. Başqa güzəştlər də nəzərdə tutulmuşdur.
2012-ci ildə əhalinin rifah halının yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Nəticədə, əhalinin hər nəfərinə düşən gəlirin məbləği 3,8 min manata çatmış, onun artım sürəti isə istehlak qiymətlərinin bahalaşmasını xeyli üstələmişdir. Ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşması yoxsulluq səviyyəsinin azalmasına təsirini göstərmiş və bu göstərici 1,6 faiz azalaraq 6 faizə enmişdir.
Hökumətin illik hesabatlarının Milli Məclisdə müzakirəsi nazirliklərin və digər dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin daha da yaxşılaşmasına, meydana çıxan problemlərin həllində millət vəkillərinin yaxından iştirakına əlverişli şərait yaradır.
Sədr çıxışının sonunda deputatların müzakirələrdə fəallıq göstərəcəyinə, ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, mövcud nöqsanların aradan qaldırılmasına dair səmərəli təkliflər verəcəklərinə əminliyini ifadə etdi.     
Sonra Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabatla çıxış etdi. Baş nazir bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illərdə ardıcıl olaraq reallaşdırılan inkişaf strategiyası keçən il də uğurla davam etdirilmiş, aparılan sistemli və məqsədyönlü islahatlar yüksək sosial-iqtisadi nailiyyətlərlə nəticələnmişdir.
Baş nazir bildirdi ki, hesabat ilində Ümumi Daxili Məhsulun istehsalı 2,2 faiz artmışdır. Prioritet təşkil edən qeyri-neft sektoru üzrə isə artım 9,7 faiz olmuşdur. İqtisadiyyata bütün maliyyə mənbələri hesabına 25,8 milyard ABŞ dolları həcmində investisiya yönəldilmişdir. Onun 75 faizi qeyri-neft sektorunun payına düşür. İllik inflyasiyanın 1,1 faiz həddində saxlanılması sosialyönümlü siyasət üçün əlverişli zəmin yaratmışdır. Strateji valyuta ehtiyatları 46 milyard dollara qədər artaraq, xarici dövlət borcunu 8 dəfə üstələmişdir.
İcmal büdcənin gəlirləri 22,1 milyard manat təşkil etmiş,  dövlət büdcəsinin gəlirləri isə artıqlaması ilə yerinə yetirilmişdir.
İl ərzində bank sisteminin maliyyə dayanıqlılığı təmin edilmiş, kredit qoyuluşları 27,8 faiz artmışdır.
Ötən il uzun müddət cəmiyyəti narahat edən daha bir problem də öz həllini tapmışdır. Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi sayəsində sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların verilməsinə başlanılmışdır. İlin sonuna əmanətçilərə 550 milyon manatdan artıq vəsait ödənilmişdir və bu proses cari ildə başa çatdırılacaqdır.                     
Ənənəvi olaraq iqtisadi sahədə aparılan ardıcıl islahatlar güclü sosial siyasətlə müşayiət olunmuşdur. Keçən il orta aylıq əməkhaqqı 8,7 faiz artmış, əmək pensiyalarının orta aylıq məbləği isə artırılaraq 152 manata  çatdırılmışdır.
Əvvəlki illərdə olduğu kimi məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirilmişdir. Belə ki, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 2011-ci ildəkindən 2,2 dəfə artıq maliyyə vəsaiti xərclənmişdir. Nəticədə 23 minədək məcburi köçkün yeni mənzillə təmin edilmişdir.
Ümumilikdə, məcburi köçkünlərin sosial ehtiyaclarının həllinə 600 milyon manatdan artıq vəsait sərf edilmişdir ki, bu da 2003-cü illə müqayisədə 5,5 dəfə çoxdur.
Əldə olunan əsas makroiqtisadi göstəricilər və həyata keçirilən sosial tədbirlər sosial-iqtisadi siyasətin əsas hədəf parametrlərindən olan yoxsulluğun səviyyəsini hesabat ilinin sonuna 6 faizə endirməyə imkan vermişdir.
2012-ci ilin əsas fərqləndirici xüsusiyyəti iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi olmuşdur. Əgər əvvəlki illərdə iqtisadi yüksəliş əsasən mədənçıxarma sənayesi hesabına əldə edilirdisə, hazırda bu qeyri-neft sektorunun inkişafı sayəsində baş verir. Qeyri-neft sənayesindəki yüksək artım yeni müəssisələrin yaradılmasına, mövcud olanların isə fəaliyyət dairəsinin genişləndirilməsinə əsaslanan davamlı sənayeləşmə prosesinin əyani göstəricisidir.
Bu prosesdə yaradılan biznes mühitinin və sahibkarlığa dövlət dəstəyi tədbirlərinin mühüm rolu olmuşdur. Keçən il təkcə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 218 milyon manat güzəştli kredit verilmişdir. Son illər ərzində isə sahibkarlara bu mənbədən 1 milyard 200 milyon manat məbləğində kreditlər ayrılmışdır.
Hesabat ilində ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, neft strategiyasının davam etdirilməsinə xüsusi önəm verilmişdir. Elektrik enerjisi mənbələrinin genişləndirilməsi və səmərəliliyinin artırılması, paylayıcı şəbəkələrdə elektrik xətlərinin və yarımstansiyalarının tikintisi və yenidən qurulması ilə bağlı zəruri layihələr icra olunur. Dövlət başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə Türkiyə Trans Anadolu Qaz Kəməri (TANAP) layihəsi haqqında qərar qəbul edilmişdir. Bu və həyata keçirilən digər layihələr Azərbaycanın Avropa ölkələrinin təbii qazla təchiz edilməsindəki rolunu artıracaqdır.
Baş nazir diqqətə çatdırdı ki, ərzaq təhlükəsizliyi üzrə 2008-2015-ci illəri əhatə edən Dövlət Proqramının ardıcıl icrası ilə bağlı məsələlər yenə də hökumətin diqqət mərkəzində olmuşdur.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli kreditlərin və subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, müasir texnologiyaların tətbiqi, damazlıq heyvanlarının alınması və digər dövlət dəstəyi tədbirləri bu nailiyyətlərə öz töhfəsini vermişdir.
Ərzaq məhsulları ilə təminatda idxaldan asılılığın azaldılması məqsədi ilə yeni quşçuluq, heyvandarlıq, dəyirman kompleksləri yaradılmış, taxıl anbarları və soyuducu kameralar tikilərək istifadəyə verilmişdir.
Ölkədə ərzaq buğdasına olan daxili tələbatın ödənilməsi məqsədilə Ağcabədi və Beyləqan rayonlarında iri pilot taxılçılıq təsərrüfatı yaradılmışdır. Hazırda digər rayonlarda da belə təsərrüfatların yaradılması istiqamətində işlər aparılır.
Dövlət büdcəsindən və Neft Fondundan ayrılan vəsaitlər hesabına meliorasiya və su təsərrüfatı kompleksində genişmiqyaslı meliorativ layihələr həyata keçirilir. Bunların sırasında ən iri layihələrdən olan Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisini və gələcək faydasını xüsusi qeyd etmək istərdim.
Ölkə iqtisadiyyatının sürətlə inkişaf edən nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sektorlarında mühüm infrastruktur layihələri həyata keçirilmişdir.
Bakı-Tbilisi-Qars dəmir yolunun, beynəlxalq və respublika əhəmiyyətli, ölkədaxili avtomobil yollarının, körpülərin, yeni metro stansiyalarının, dəniz və hava limanlarının tikintisi davam etdirilmişdir.
         Ölkədə informasiya cəmiyyətinin qurulması istiqamətində inamlı addımlar atılmış və informasiya-kommunikasiya texnologiyaları sektoruna irihəcmli investisiyalar qoyulmuşdur.
Bu sahədə aparılan institusional islahatlar nəticəsində “ASAN xidmət” mərkəzi yaradılmış, əhaliyə müasir, şəffaf və operativ elektron xidmətlərin göstərilməsinə başlanılmışdır.
2012-ci ildə də ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması ilə bağlı nəzərdə tutulmuş vacib tədbirlər icra olunmuşdur. Çirklənmiş sahələrin radioaktiv tullantılardan təmizlənməsi, Bakı Buxtasının ekoloji vəziyyətinin sağlamlaşdırılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi və biomüxtəlifliyin qorunması, meşəliklərin və parkların salınması istiqamətində böyük işlər aparılmışdır.
Ölkəmizin ildən-ilə artan iqtisadi imkanları elm, təhsil, səhiyyə, mədəniyyət və digər humanitar sahələrə yönəldilən büdcə vəsaitlərinin və investisiyaların da əhəmiyyətli dərəcədə artırılmasına imkan yaratmışdır.
Səhiyyə müəssisələrinin yenidən qurulması və qabaqcıl texnologiyaların tətbiqi davam etdirilmişdir.  Sahəyə ayrılan büdcə vəsaiti son on ildə 12,5 dəfədən çox artırılmış, 500-ə yaxın səhiyyə müəssisəsi tikilmiş və əsaslı təmir olunmuşdur.  Bunun və digər amillərin təsiri nəticəsində orta ömür müddəti əhəmiyyətli dərəcədə artmış, körpə və ana ölümü göstəriciləri kəskin azalmışdır.
Ölkənin bütün bölgələrinin tarazlı inkişafını nəzərdə tutan və ardıcıl icra olunan iki Dövlət Regional İnkişaf Proqramı öz müsbət nəticələrini verməkdədir. Təkcə keçən il Proqramda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə 4,7 milyard manat, 2009-2012-ci illərdə isə 16 milyard manatdan artıq vəsait xərclənmişdir ki, bu da birinci Dövlət Proqramının bütövlükdə icrasına yönəldilmiş vəsaitdən 2,4 dəfə çoxdur.   
  Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına ümumilikdə 2,1 milyard manatdan artıq vəsait sərf edilmişdir. Proqramda nəzərdə tutulan qaz, su, enerji təminatı, istilik sistemlərinin yenidən qurulması, qəsəbələrarası yolların, sosial infrastruktur obyektlərinin tikilməsi və ya təmir edilməsi ilə bağlı əhəmiyyətli işlər görülmüşdür.
Məlum olduğu kimi ötən ilin may ayında baş vermiş güclü zəlzələ Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan vurmuşdur. Ölkənin mövcud iqtisadi imkanları, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədi ilə yaradılan texniki və kadr potensialı əsasında qısa müddətdə dəymiş ziyanın bərpasına başlanılmışdır. İlin sonuna 2974 fərdi yaşayış evi, 19 məktəb və digər obyektlər tikilib istifadəyə verilmiş, 3 mindən çox ailəyə evlərinin bərpası üçün maliyyə yardımı edilmişdir.
Əvvəlki illərdə olduğu kimi, bu hesabat ilində də ölkənin hərbi qüdrətinin artırılmasına, Azərbaycan ordusunun ən müasir silah-sursatlarla təmin edilməsinə ciddi diqqət yetirilmişdir. Ordumuzun təchizatı həm xaricdən alınan, həm də daxildə – hərbi-sənaye kompleksində istehsal olunan silah və hərbi texnika hesabına xeyli yaxşılaşdırılmışdır.
Baş nazir çıxışının sonunda bildirdi ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında və regionların inkişaf proqramı ilə bağlı konfransdakı çıxışlarında cari ildə hökumətin qarşısında duran ən əsas vəzifələr müəyyən edilmişdir. Nazirlər Kabineti bu tapşırıqların vaxtında, keyfiyyətlə və tam həcmdə yerinə yetirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirəcəkdir.
Sonra hökumətin hesabatı ilə əlaqədar müzakirələr başlandı. Çıxış edən deputatlar ötən il Azərbaycanın sosial-iqtisadi inkişafında əhəmiyyətli nəticələr əldə olunduğunu, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirildiyini, əhalinin yaşayış səviyyəsinin getdikcə yüksəldiyini vurğuladılar.
İclasda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov deputatların məhkəmə sisteminə dair suallarını cavablandırdı. Ədliyyə naziri Azərbaycanda məhkəmə sisteminin inkişaf etdirilməsi istiqamətində aparılan islahatlar, ölkəmizdə yeni yaradılmış məhkəmələr barədə ətraflı məlumat verdi.
Sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyətinə dair illik hesabatı səsə qoyularaq məqbul hesab edildi.
İclasa yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırdı və 2013-cü ildə ölkəmizə yeni-yeni uğurlar arzuladı. Bununla da Milli Məclisin iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU