MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
19 mart 2013 | 03:03   
Paylaşın:        
  Martın 16-da ölkəmizə səfəri çərçivəsində Pakistan Milli Assambleyasının deputatı və İnsan Hüquqları Nazirliyinin Federal Parlament katibi Rubina Saadat Kaimxani parlamentdə Milli Məclis Sədrinin müavini Bahar Muradova və Azərbaycan-Pakistan parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşdü. 
Azərbaycanla Pakistanın tarixi dostluq münasibətlərindən danışan  Bahar Muradova bildirdi ki, bu yaxınlıq ölkələrimizin bütün sahələrdə yürütdüyü siyasətdə özünü göstərir. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olan Pakistanla əməkdaşlığımız müxtəlif istiqamətlərdə yüksələn xətlə inkişaf edir. Vitse-spiker parlamentlərarası əməkdaşlığı yüksək qiymətləndirərək dedi ki, qanunverici orqanlar ölkələrimizin və xalqlarımızın maraqlarının qorunmasına yaxşı töhfə verir. Qeyd etdi ki, biz Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində və beynəlxalq təşkilatlarda Pakistanın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək dəyərləndiririk. Sədr müavini Pakistan Senatında Xocalı soyqırımı ilə bağlı qəbul edilən sənəddən məmnunluğunu ifadə etdi və bundan digər ölkələrin də nümunə götürməsinin vacibliyini vurğuladı.
Pakistan Milli Assambleyasının deputatı Rubina Saadat Kaimxani Azərbaycanda olduğu müddətdə ölkəmizlə yaxından tanış olmasından məmnunluğunu ifadə etdi. Bildirdi ki, Azərbaycan həqiqətlərinin ölkəsində ictimaiyyətə daha dolğun çatdırılması üçün əlindən gələni edəcək. Qonaq Pakistanın da Dağlıq Qarabağ münaqişəsinin oxşarı olan Kəşmir problemi ilə qarşılaşdığını və bu problemlərin həlli istiqamətində bundan sonra da birgə çalışmalı olduğumuzu xüsusi vurğuladı.
Sonra görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti
 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU