AZƏRBAYCAN-GÜRCÜSTAN ƏLAQƏLƏRİ DAİM İNKİŞAF EDƏCƏK

XƏBƏRLƏR
19 mart 2013 | 10:03   
Paylaşın:        

Martın 18-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Gürcüstanın xarici işlər naziri xanım Maya Pancikidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Azərbaycan-Gürcüstan münasibətlərindən söz açan Ziyafət Əsgərov son 20 ildə – ölkələrimizin müstəqilliyi dövründə əldə olunan nailiyyətlərdən, diplomatik əlaqələrimizin inkişafından danışdı. Dövlət rəsmiləri arasında görüşlərin intensivləşdiyini qeyd etdi. Bildirdi ki, ötən müddətdə ölkələrimiz arasında imzalanan dövlətlərarası və hökumətlərarası müqavilələr hərtərəfli əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Son bir ildə Azərbaycanla Gürcüstan arasında mal dövriyyəsi 700 milyon dollar təşkil edib. Bölgədə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və digər qlobal layihələr beynəlxalq əhəmiyyət daşıyır.
Milli Məclisin birinci vitse-spikeri sıx əməkdaşlıq edən Azərbaycanla Gürcüstanın GUAM çərçivəsində, həmçinin parlamentlər səviyyəsində təqdirəlayiq fəaliyyət göstərdiyini xüsusi vurğuladı.
Görüş zamanı qonaq ölkəmizə səfərdən, eləcə də Azərbaycanda keçirdiyi görüşlərdən məmnunluğunu ifadə etdi. Gürcüstanın xarici işlər naziri Bakıda iştirak etdiyi “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini yüksək dəyərləndirdi. Maya Pancikidze bildirdi ki, Azərbaycan Cənubi Qafqazda Gürcüstanın əsas strateji tərəfdaşıdır və onlar Azərbaycanla bütün sahələrdə əməkdaşlığın dərinləşməsində maraqlıdırlar. Gürcüstan parlamentinin deputatları da Azərbaycanla dostluq qrupunda olmağa xüsusi üstünlük verirlər.
Görüşdə aparılan fikir mübadiləsində Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı istiqamətində qarşılıqlı maraq doğuran məsələlərə toxunuldu. 

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU