AZƏRBAYCAN-KANADA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

XƏBƏRLƏR
03 aprel 2013 | 04:04   
Paylaşın:        

Ölkəmizdə səfərdə olan Kanada parlamentinin Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri aprelin 3-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşdülər.
Hakim partiyanın nümayəndəsi, YAP icra katibinin müavini Mübariz Qurbanlı görüşü açaraq qonaqları mehribanlıqla salamladı. Ölkələrimiz arasında hərtərəfli əlaqələrin inkişafına mühüm əhəmiyyət verildiyini bildirdi. Hazırkı səfərin ikitərəfli münasibətlərin dərinləşməsinə müsbət təsir göstərəcəyini dedi. Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri kimi deputat Asəf Hacıyevlə birlikdə Kanadada keçirdikləri görüşlərlə bağlı xoş təəssüratlarını bölüşdü. Sonra  Milli Məclisdə 11 siyasi partiyanın təmsil olunduğu barədə məlumat verərək görüşdə iştirak edən partiya liderlərini qonaqlara təqdim etdi. 
Görüşdə Kanadanın İcmalar Palatasının sədr müavini, Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Barri Devolin Bakıya səfərin əhəmiyyətini yüksək dəyərləndirdi. Azərbaycana hər səfərdən böyük məmnunluq duyduqlarını bildirdi.
Milli Məclisin deputatlarına Kanada parlamentinin strukturu, fəaliyyəti, seçki qaydaları barədə ətraflı məlumat verən nümayəndə heyətinin başçısı bildirdi ki, dünyanın hansı ölkəsində doğulmasından asılı olmayaraq, müəyyən müddət Kanadada yaşayan hər bir vətəndaş parlament seçkilərinə qatıla bilər. Barri Devolin qeyd etdi ki, onun ölkəsində parlamentdə siyasi partiya olaraq tanınmaq üçün ən azı 12 nəfər üzvlə təmsil olunmaq vacibdir. Buna görə də, hazırda 5 siyasi partiyanın nümayəndələri parlament üzvü olsalar da, qanunverici orqanda cəmi 3 partiya rəsmi olaraq tanınıb, azlıqda qalan siyasi partiya üzvləri isə müstəqil deputatlar kimi fəaliyyət göstərirlər. Mövcud qanunvericiliyə görə, Kanada parlamentində spiker və müavinləri partiya mənsubiyyətindən asılı olmayaraq, neytral mövqedən çıxış etməlidirlər.
Tanışlıq zamanı bəlli oldu ki, ölkəmizə səfər etmiş Kanada parlamentariləri arasında Polşada, Pakistanda, Koreyada və başqa ölkələrdə anadan olmuş şəxslər var. Onların hər biri Azərbaycan qonaqpərvərliyindən məmnunluqla söz açdı və Bakının gözəl şəhər olduğunu vurğuladı.
Görüşdə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, eyni zamanda Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Sabir Rüstəmxanlı çıxış etdilər. Qonaqlara Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə təcavüzü, Xocalı soyqırımı, qaçqınlarımızın problemləri barədə ətraflı məlumat verildi. Bir milyon qaçqın-köçkünün insan hüquqlarının bərpası, doğma yurdlarına qaytarılması üçün Kanadanın BMT-dəki imkanlarından maksimum istifadə etməsi çağırışı səsləndi. Partiya liderləri Azərbaycanın Cənubi Qafqaz və Yaxın Şərqdəki müstəsna rolu, tarixi nailiyyətləri, inkişaf perspektivləri barədə mühüm faktları da kanadalı həmkarlarının diqqətinə yetirdilər.

 

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU