"Təhsil kreditləri haqqında” qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə tövsiyə olundu

XƏBƏRLƏR
23 yanvar 2012 | 10:01   
Paylaşın:        

Yanvarın 19-da Milli Məclisin İqtisadi siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirildi. İclasda komitənin ötən ilin payız sessiyasında gördüyü işlərin hesabatı dinlənildi, 2012-ci ilin yaz sessiyası  üçün qanunvericilik işləri planı və “Təhsil kreditləri haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olundu.
Komitənin sədri, akademik Ziyad Səmədzadə bildirdi ki, rəhbərlik etdiyi qurum payız sessiyasında məhsuldar işləmiş, ölkə iqtisadiyyatının dinamik inkişafını təmin edəcək mühüm qanunların qəbuluna nail olunmuşdur. Yaz sessiyasında da bir sıra vacib qanunlar hazırlanaraq Milli Məclisin müzakirəsinə çıxarılacaq.
Sonra Z.Səmədzadə “Təhsil kreditləri haqqında” qanun layihəsini müzakirəyə təqdim etdi. Bildirildi ki, komitənin üzvləri tərəfindən hazırlanmış bu qanun layihəsi ilə bağlı İqtisadi İnkişaf və Təhsil nazirliklərindən, Mərkəzi Bankdan və digər əlaqədar təşkilatlardan rəy alınıb. 
Sonra layihənin həmmüəllifi Əli Məsimli sənəd barədə ətraflı məlumat verdi. Bildirildi ki, bu qanun Azərbaycan Respublikasında təhsil kreditlərinin verilməsi və qaytarılması prosesində borcalan, borcverən və təhsil müəssisələri arasındakı münasibətləri tənzimləyəcək, eləcə də təhsil kreditləri sisteminə dövlət dəstəyinin verilməsinin qaydalarını müəyyən edəcək.
Qanun layihəsində əsas anlayışlarla yanaşı, qanunun məqsədi, kreditlərin əhatə dairəsi, forması və istiqamətləri, təhsil kreditlərinin verilməsinin əsas prinsipləri, maliyyələşmə mənbələri, təhsil kreditinin məbləği, faiz dərəcəsi, bu kreditlərin qaytarılması və s. müddəalar əksini tapıb.    
 Qeyd olundu ki, layihədə sosial xarakterli təhsil kreditlərinin faizsiz,  kommersiya xarakterli kreditlərin isə 5 faiz dərəcəsi ilə verilməsi nəzərdə tutulub.
 Müzakirələr zamanı komitə sədrinin müavini Çingiz Əsədullayev, layihənin digər həmmüəllifi deputat Vahid Əhmədov, deputatlardan İlham Əliyev, Xanhüseyn Kazımlı və başqaları qanunla bağlı fikirlərini bölüşdülər, rəy və təkliflərini bildirdilər.
İclasın sonunda iş planı təsdiq edildi, qanun layihəsi isə birinci oxunuşda Milli Məclisin iclasında müzakirəyə tövsiyə olundu.
        


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU