Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupu Azərbaycanla əməkdaşlıqda maraqlıdır

XƏBƏRLƏR
11 aprel 2013 | 12:04   
Paylaşın:        

Aprelin 10-da Bakıda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupuna  daxil olan bir neçə ölkənin səfirləri Milli Məclisdə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşdülər.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Şurasının Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun fəaliyyətinin əhəmiyyətindən danışdı və bildirdi ki,  inkişaf edən Azərbaycanla işləyən hər bir qurumun obyektiv, şəffaf və qərəzsiz mövqeyi bizim üçün çox vacibdir. Azərbaycan qısa zamanda dünyada və regionda böyük nailiyyətlər əldə etmişdir. Paytaxt Bakı dünyanın siyasi liderlərinin, iqtisadiyyatı idarə edənlərin toplaşdığı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu günlərdə Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi buna əyani sübutdur.
Bildirildi ki, Azərbaycanın müxtəlif sahələrdə əlaqələri daim genişlənir. Lakin Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycanın torpaqlarının bu beynəlxalq təşkilatın digər üzvü Ermənistan tərəfindən işğal olunması bu inkişafa ciddi mane olur və eyni zamanda, bütöv bir regionda təhlükəsizliyə ciddi təhdiddir. Biz bu məsələdə Avropa Şurası Nazirlər Komitəsinin beynəlxalq hüququn aliliyini təmin etməsini istəyirik. Bu istiqamətdə də əməkdaşlığa hazırıq.
Söhbət zamanı Polşanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir xanım Urszula Qaçek bildirdi ki, Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupu Azərbaycan ilə əlaqələrin inkişafında və faydalı qarşılıqlı əməkdaşlıqda maraqlıdır. Nümayəndə heyətinin Bakıya səfərinin məqsədi Azərbaycandakı proseslərlə daha yaxından tanış olmaqdır. Səfirlər səfər çərçivəsində Bakıda bir neçə görüş keçirəcək və müzakirələr aparacaqlar. İnanırıq ki, Azərbaycan tərəfi ilə səmərəli əməkdaşlığımız daha da genişlənəcəkdir.
Sonra görüşdə Azərbaycanla Avropa Şurası arasında əlaqələrin inkişaf perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU