İSRAİL KİV NÜMAYƏNDƏLƏRİ PARLAMENTDƏ

XƏBƏRLƏR
15 aprel 2013 | 06:04   
Paylaşın:        

Aprelin 15-də Milli Məclisdə deputatlar Fuad Muradov, Rasim Musabəyov və Cavanşir Feyziyev ölkəmizdə səfərdə olan bir qrup İsrail kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşdülər.
Millət vəkili Fuad Muradov israilli jurnalistləri Azərbaycan parlamentində salamlayaraq səfərin səmərəli keçəcəyinə əminliyini ifadə etdi.  O, ölkəmizlə İsrail arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Deputatımız cari ilin fevral ayında İsrailə səfərini və burada keçirilən Xocalı soyqırımına həsr olunmuş tədbirləri minnətdarlıqla xatırladı. O, Azərbaycan və İsrail jurnalistləri arasında əlaqələrin qurulması, media vasitəsi ilə ölkələrimiz barədə həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasının əhəmiyyəti barədə danışdı.
Söhbətdə İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rasim Musabəyov bildirdi ki, Azərbaycan İsraili öz strateji tərəfdaşı hesab edir. Ölkələrimiz arasında enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, səhiyyə, hərbi sahələrdə əlaqələr mövcuddur. Millət vəkili qeyd etdi ki, bu gün  İsraildə Azərbaycandan getmiş çoxlu  sayda yəhudi yaşayır. O, müxtəlif səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsini önəmli hesab etdi.
Görüşdə deputat Cavanşir Feyziyev Azərbaycanın geosiyasi mövqeyindən danışdı. Qeyd edildi ki, ölkə müharibə şəraitindədir. Bu gün təhlükəsizliyin təmin edilməsi aktual məsələlərdəndir və bu sahədə səmərəli işlər həyata keçirilir. Bildirildi ki, İsrail jurnalistlərinin bu səfəri real vəziyyət barədə məlumatların öyrənilməsi baxımından çox əhəmiyyətlidir.
Söhbətdə Beynəlxalq “AZİZ” İsrail-Azərbaycan təşkilatını təmsil edən Lev Spivak İsrail media nümayəndələrinin belə geniş tərkibdə Azərbaycanda ilk dəfə olduğunu bildirdi və gələcəkdə bu cür səfərlərin mütəmadi xarakter daşıyacağına inandığını söylədi. Nümayəndə heyətinin üzvləri Bakının gözəlliyindən çox təsirləndiklərini bildirdilər. Qeyd edildi ki, Bakı Avropada ən çox tədbirlər keçirilən şəhərdir. İsrailli jurnalistlər parlamentdə deputatlar üçün yaradılmış iş şəraitini yüksək qiymətləndirdilər.
Görüşdə parlamentlərarası əlaqələr, regional münaqişələrin ölkələrin inkişafına təsiri, təhlükəsizlik və digər aktual məsələlər barədə fikir mübadiləsi aparıldı. Qonaqlara Azərbaycan parlamentinin fəaliyyəti barədə məlumatlar əks olunmuş nəşrlər təqdim edildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU