MAHİR DƏRZİYEV: “Borçalılar Azərbaycanın uğurları ilə fəxr edir, qürur hissi keçirirlər”

XƏBƏRLƏR
16 aprel 2013 | 06:04   
Paylaşın:        

Aprelin 16-da Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Gürcüstan parlamentinin deputatı, “Gürcü  arzusu” partiyasının üzvü  Mahir  Dərziyevlə görüşdü.
Qonağı salamlamaqdan məmnunluq duyduğunu deyən Eldar İbrahimov ona Azərbaycan parlamentinin qanunvericilik bazası, komitələrin fəaliyyəti, rəhbəri olduğu komitədə hazırlanan  qanunlar  barədə  ətraflı məlumat verdi.  O,  qeyd etdi ki, qeyri-neft sektoru kimi aqrar sahənin inkişafı ölkəmizdə əsas  prioritet  sayılır. 1996-cı ildə  “Torpaq  islahatı  haqqında”  qanun qəbul edildi, torpaq kəndliyə verildi. O zamandan  etibarən ölkəmizdə kənd  təsərrüfatı xeyli inkişaf edib.  Hər il aqrar islahatların həyata  keçirilməsi  üçün büdcədən  yetərli  vəsait ayrılır, əkinçiliyin, heyvandarlığın yaxşılaşdırılması  üçün  fermerlərə ən yaxşı  şərtlərlə maliyyə kreditləri verilir.
Sonra Azərbaycanla  Gürcüstan xalqları arasındakı mehriban qonşuluq  və  dostluq əlaqələrindən söhbət  açan komitə sədri bildirdi ki, Gürcüstanda 500 mindən çox soydaşımız yaşayır. Onların  qayğı və problemləri bizi  də düşündürür. Azərbaycan  dövləti   hər  zaman  onların çətinliklərini  diqqət  mərkəzində  saxlayır.
Bu görüşdən çox məmnun olduğunu bildirən Mahir  Dərziyev Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dövlətinin uğurları və nailiyyətləri ilə hər  zaman fəxr etdiklərini, qürur  hissi  keçirdiklərini dedi. O, ölkəmizin sürətli inkişafının Gürcüstanda diqqətlə izlənilməsindən və təqdir  edildiyindən söz açdı. Qonaq  qeyd  etdi ki, Azərbaycanın beynəlxalq aləmdə inkişaf edən ölkəyə çevrilməsi onları çox sevindirir. Mahir  Dərziyev  Gürcüstan  parlamentində  görülən işlərlə bağlı məlumat verdi.  Hər iki ölkənin Aqrar siyasət komitəsi sədrlərinin görüşməsinin, Azərbaycan parlamentində qəbul edilən “Kooperasiya  haqqında” qanunun Gürcüstanda da hazırlanmasının faydalı olacağını qeyd etdi. O,  bu görüşün həyata  keçirilməsini və sənədlə əlaqədar təcrübə mübadiləsi aparılmasını təklif etdi. Eldar  İbrahimov Mahir  Dərziyevin  bu  təklifini məmnuniyyətlə qəbul etdiyini dilə gətirdi və qarşılıqlı əməkdaşlığı  genişləndirmək üçün yaxşı imkanlar olduğunu vurğuladı.
Görüşdə müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıldı.


Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU