ÇEXIYA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ AZƏRBAYCANIN HAQLI MÖVQEYİNİ DƏSTƏKLƏYİR

XƏBƏRLƏR
17 aprel 2013 | 05:04   
Paylaşın:        

Aprelin 17-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin ölkəmizdə səfərdə olan  Çexiya Respublikası Deputatlar Palatasının sədr müavini, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçekin  başçılıq  etdiyi  nümayəndə heyəti ilə  görüşü oldu.
Komitə sədrinin müavini Sevinc Fətəliyeva dedi ki, müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasındakı əlaqələr yeni müstəvidə xeyli inkişaf  edib. Bu gün biz bir çox sahələrdə, xüsusən də beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edirik. Bakı Slavyan Universitetində çex dili və çex mədəniyyəti tədris  olunur. Bu da bütövlükdə elm ictimaiyyəti arasında əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir. Sevinc Fətəliyeva Dağlıq Qarabağ münaqişəsinin  mövcud  durumu  barədə qonaqlara ətraflı məlumat verdi və Çexiya parlamentində Xocalı soyqırımı ilə bağlı qəbul olunmuş qətnaməyə görə minnətdarlığını ifadə etdi.
Görüş  üçün minnətdarlığını  bildirən Yan Hamaçek  Azərbaycan və çex xalqları arasında bir çox oxşarlıqların olduğunu  vurğuladı: “Biz mehriban dostluq münasibətlərimizin və ikitərəfli əməkdaşlığın genişlənməsində maraqlıyıq. Bakı Slavyan Universitetində çex dilinin öyrədilməsi bizi çox sevindirir və düşünürük ki,  bu cür davranışlar xalqlarımızı daha da yaxınlaşdırır.” Qonaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin, eləcə də digər beynəlxalq təşkilatlarda qəbul olunmuş qərarların yerinə yetirilməsinin vacibliyini qeyd  etdi.  Bildirildi ki, Çexiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin sülh yolu ilə həll olunmasına tərəfdardır.
Söhbətdə  qarşılıqlı  maraq  doğuran  bir  sıra  məsələlər  barəsində fikir  mübadiləsi  aparıldı.
Görüşdə hər  iki ölkənin  səfirləri Tahir Tağızadə, Radek Matula və digər  rəsmi  şəxslər  iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU