MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
17 aprel 2013 | 05:04   
Paylaşın:        

Aprelin 17-də Milli Məclis  Sədrinin müavini, Azərbaycan-Çexiya parlamentlərarası işçi qrupunun rəhbəri Valeh Ələsgərov və qrupun üzvləri Azərbaycanda səfərdə olan Çexiya Respublikası Deputatlar Palatasının sədr müavini, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Valeh Ələsgərov qonaqları salamladıqdan sonra  bildirdi ki, iki ölkə arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bu əməkdaşlığın inkişafında parlamentlərin və parlamentlərdə fəaliyyət göstərən işçi qrupların da mühüm rolu vardır. Bildirildi ki, sənaye, mədəniyyət, turizm, səhiyyə və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var və bu imkanlardan istifadə etmək lazımdır. 
Valeh Ələsgərov bildirdi ki, bu cür səfərlər əlaqələrimizin hərtərəfli inkişafı üçün yeni imkanlar açır və hesab edirik ki, qarşılıqlı səfərlər daha da intensivləşdirilməlidir.
Səmimi görüş üçün təşəkkürünü bildirən Yan Hamaçek Çexiya və Azərbaycanın beynəlxalq təşkilatlarda, xüsusilə Avropa Şurası çərçivəsində sıx əməkdaşlığından məmnunluğunu ifadə etdi. 
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qanunvericilik sahəsində təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin əhəmiyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU