MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
21 yanvar 2012 | 10:01   
Paylaşın:        

Yanvarın 19-da Milli Məclisin İslam Konfransı Təşkilatı  Parlament İttifaqındakı nümayəndə heyəti üzvlərinin İraq Parlamentinin bir qrup  deputatı ilə görüşü keçirildi.
Təşkilatda nümayəndə heyətimizin rəhbəri Gövhər Baxşəliyeva qonaqları salamlayaraq görüşdən məmnunluğunu ifadə etdi. Bildirildi ki, ölkələrimiz arasında hər zaman sıx əlaqələr mövcud olub. Bağdadın tarixən Yaxın Şərqdə mədəniyyət, təhsil mərkəzi olduğu,  Azərbaycanın bir çox alimlərinin, ədiblərinin burada təhsil aldıqları qeyd edildi. Söhbətdə  Gövhər Baxşəliyeva Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda İslam sahəsinə aid tədqiqatların aparılması barədə məlumat verdi. O, Azərbaycan və İraq mədəniyyətlərinin sıx əlaqədə inkişaf etdiyini vurğuladı.
Nümayəndə heyətinin rəhbəri Azərbaycanın ərəb dünyası üçün Qafqaza, İraqın isə ölkəmiz üçün ərəb aləminə bir pəncərə olduğunu söylədi. O, son zamanlar ərəb ölkələrində baş verən hadisələrin bizi də çox narahat etdiyini dedi. Gövhər Baxşəliyeva burada yaşayan xalqların tez bir zamanda demokratiyaya, rifaha qovuşacaqlarına, dünya birliyində öz layiqli yerini tutacaqlarına inamını ifadə etdi.
Görüşdə çıxış edən millət vəkili Sabir Rüstəmxanlı bir müddət öncə İraqa səfərini xatırladı, burada klassik Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi ilə bağlı keçirilən təntənələrdə iştirakını xoş təəssüratlarla dilə gətirdi.
Söhbətdə bildirildi ki, İraqın İslam Konfransı Təşkilatında, həm də digər beynəlxalq qurumlarda Dağlıq Qarabağ problemi ilə əlaqədar ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsini biz yüksək dəyərləndiririk.
İraq Parlamentinin Xarici əlaqələr komitəsinin sədri, nümayəndə heyətinin rəhbəri Hammam Hamudi səmimi görüşə görə minnətdarlığını bildirdi. O, Azərbaycanın İslam Konfransı Təşkilatında İraqla iş birliyinə önəm verməsini təqdirəlayiq hal kimi qiymətləndirdi. Qonaq  ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini Azərbaycan  diplomatiyasının uğuru hesab etdi.
Hammam Hamudi Azərbaycana səfərin çox faydalı olduğunu qeyd edərək, səfər zamanı keçirilən görüşlər barədə danışdı. O, dedi ki,  ölkələrimiz arasında tarixi, mədəni, dini münasibətlər dərin köklərə malikdir. Bütün bunlar əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.
Görüşdə siyasi, iqtisadi, mədəni, elm-təhsil sahələrində əməkdaşlığın dərinləşməsi barədə fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU