AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

XƏBƏRLƏR
22 aprel 2013 | 09:04   
Paylaşın:        

Aprelin 19-da Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. İclası açan komitə  sədri  Eldar İbrahimov müzakirəyə  “Torpaq  Məcəlləsinə dəyişiklik  edilməsi  barədə”  qanun layihəsinin  daxil  edildiyini  vurğuladı.
Milli Məclis  Aparatının  İqtisadi  qanunvericilik  şöbəsinin  müdir  müavini, aqrar  qanunvericilik  sektorunun müdiri Şahmərdan  Kərimov   dəyişikliyi ətraflı şərh etdi. Bildirildi ki, bu əlavə  Mülki  Məcəllənin  “Daşınar  və daşınmaz  əmlaka  hüquqların  dövlət  qeydiyyatı” adlanan  139-cu  maddəsinin  4-cü  bəndinə  edilir.  “Məkana  görə  daşınmaz  əmlak obyektlərinin  xüsusi  vasitələrdən istifadə edilmədən  yerləşdiyi  yerin  müəyyənləşdirilməsini  və  fərqləndirilməsini  təmin edən  məlumat bazası olan ünvan  reyestri  aparılır.” Belə ki, yeni dəyişikliyə əsasən, çoxmənzilli binaların, fərdi yaşayış yerlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektlərinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi veriləcək. Nəqliyyat infrastrukturu obyektlərinə çıxışı olan torpaq sahələri və onların üzərindəki qurğular da  ünvan alacaq  məkanlar  sırasına  daxildir.
Komitə  üzvləri  Eldar Quliyev, Novruzəli Aslanov, Mahir  Aslanov  və başqaları sənədə  edilən dəyişikliyi razılıqla qarşıladılar, bunu  vaxtında  düşünülmüş  addım kimi  dəyərləndirdilər.  Məhz  bu  ünvansızlıq  səbəbindən vətəndaşların bir  sıra problemlər yaşadığı, yeni  dəyişikliyin   bu uyğunsuzluğun  qarşısını  ala biləcəyi  vurğulandı.
Sonda komitə  üzvləri layihənin Milli Məclisin plenar iclasına tövsiyə olunmasını məqsədəuyğun hesab  etdilər.

Milli  Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU