AZƏRBAYCAN-ATƏT ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

XƏBƏRLƏR
06 may 2013 | 07:05   
Paylaşın:        

Mayın 6-da Milli Məclis Sədrinin müavini, Azərbaycanın ATƏT PA-da daimi nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soareşin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.
Bahar Muradova qonaqları salamlayaraq bildirdi ki, cənab Soareş ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunandan sonra ölkəmizə ilk səfərini edir. Bahar Muradova Joao Soareşin ATƏT-in Parlament Assambleyasına rəhbərlik etdiyi dövrü yüksək qiymətləndirdi. Bildirdi ki, qonaq ötən dövr ərzində dondurulmuş münaqişələrlə bağlı təqdirəlayiq fəaliyyət göstərmiş və müstəqil mövqeyi olan şəxs kimi tanınmışdır.
Dağlıq Qarabağ münaqişəsindən danışan Bahar Muradova diqqətə çatdırdı ki, bu münaqişənin ATƏT çərçivəsində həlli Azərbaycan üçün prioritet təşkil edir. İnanırıq ki, Sizin yeni vəzifədə fəaliyyətiniz Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verəcəkdir.
 Vitse-spiker diqqətə çatdırdı ki, Azərbaycan ATƏT-ə üzv olduqdan sonra vətəndaş cəmiyyətinin formalaşdırılması, şəffaf seçkilərin keçirilməsi, qanunun aliliyinin təmin olunması, təhlükəsizlik və əməkdaşlıq məsələsində xeyli nailiyyətlər əldə etmişdir. Qürur duyuruq ki, bu gün Azərbaycan bir sıra beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü kimi həm öz problemlərinin, həm də qlobal problemlərin həllinə dair məsələləri bu qurumlarda müzakirəyə çıxarır.
Görüş üçün təşəkkürünü bildirən Joao Soareş Azərbaycana səfərindən, keçirdiyi görüşlərdən məmnunluğunu ifadə etdi. Qonaq Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin bu qurumdakı fəaliyyətini yüksək qiymətləndirdi. Azərbaycanda gördüyü inkişafın onda xoş təəssürat yaratdığını bildirən cənab Soareş qeyd etdi ki, Azərbaycanın qazandığı uğurlar regionun inkişafına mühüm töhfədir.
Söhbət zamanı qarşıdan gələn seçkilərə hazırlıq, ATƏT-in müvafiq institutları ilə əməkdaşlıq, qanun yaradıcılığında birgə fəaliyyət və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Görüşdə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Rəbiyyət Aslanova, Eldar İbrahimov və Fəttah Heydərov iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU